- Transfer
- 20:59 27.08.2026
Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Bayer” komandasının hücumçusu Ernest Pokunu heyətinə qatıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 22 yaşlı forvard İstanbul təmsilçisinə 2027-ci ilin yayına qədər icarəyə verilib.
Razılaşmaya əsasən, müəyyən şərtlərin reallaşacağı təqdirdə “Beşiktaş”ın niderlandlı futbolçunun transfer hüquqlarını sonradan satın alması öhdəliyi də nəzərdə tutulub.
Ernest Poku 2025-ci ilin avqustundan “Bayer”in formasını geyinir. Onun Leverkuzen klubu ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.
Hücumçu ötən mövsüm “Bayer 04”ün heyətində bütün turnirlər daxil olmaqla 49 matçda meydana çıxıb. Poku bu görüşlərdə 6 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Niderlandlı futbolçu peşəkar karyerasına yetirməsi olduğu AZ klubunda başlayıb.
Qeyd edək ki, “Transfermarkt” portalı Ernest Pokunun hazırkı bazar dəyərini 25 milyon avro qiymətləndirir.