- Transfer
- 22:10 02.09.2026
“Selta” Meksikanın “Amerika” klubu ilə Sebastyan Kaseresin transferi barədə razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Uruqvay millisinin 26 yaşlı mərkəz müdafiəçisi İspaniya təmsilçisi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.
Kaseres “Amerika”da 6,5 mövsüm keçirib. Bu müddətdə 200-dən çox rəsmi matçda meydana çıxan futbolçu Meksika çempionluğunu ardıcıl üç dəfə qazanıb.
Müdafiəçi dəqiq ötürmələri, rəqibin hərəkətlərini əvvəlcədən oxumaq bacarığı və meydanın böyük hissəsinə nəzarət etməsi ilə “Amerika”nın əsas oyunçularından birinə çevrilib.
Uruqvay millisində 26 oyun keçirən Kaseres 2024-cü il Amerika Kubokunda və 2026-cı il dünya çempionatında iştirak edib.
“Transfermarkt”ın məlumatına görə, futbolçunun transfer məbləği 4,5 milyon avro təşkil edib.