- Transfer
- 00:29 05.09.2026
Türkiyənin “Beşiktaş” klubu futbolçusu Elan Rikardonun icarə əsasında komandadan ayrıldığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin karyerasını Macarıstanda davam etdirəcəyini bildirib.
Klubun rəsmi saytında yayılan məlumatda qeyd olunub ki, Elan Rikardonun 2026/27 mövsümünün sonunadək Macarıstan çempionatında çıxış edən “Dyör”ə icarəyə verilməsi ilə bağlı razılıq əldə olunub.
“Peşəkar futbolçumuz Elan Rikardonun 2026/27 mövsümünün sonunadək müvəqqəti transferi ilə bağlı ETO Futbol Kft. ilə razılığa gəlinib. Elan Rikardoya yeni klubunda uğurlar arzulayırıq”, - deyə “Beşiktaş”ın açıqlamasında bildirilib.
Qeyd edək ki, Elan Rikardo 2024/25 mövsümünün qış transfer pəncərəsində “Beşiktaş”a keçib. Lakin kolumbiyalı futbolçu İstanbul klubunun heyətində rəsmi oyunda meydana çıxmayıb.
Rikardo “Beşiktaş”a transferindən sonra icarə əsasında Braziliyanın “Atletiko Paranaense” və Kolumbiyanın “Deportes Tolima” klublarında çıxış edib.
22 yaşlı futbolçu karyerası ərzində ümumilikdə 61 matçda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Elan Rikardonun “Beşiktaş”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.