- Transfer
- 23:27 07.09.2026
“Fənərbağça”nın müdafiəçisi Rodriqo Bekaonun “Rodina”ya keçidi rəsmiləşməyə yaxındır.
90deqiqe.Az-ın “Çempionat”a istinadən məlumatına görə, Moskva klubu icarə əsasında çıxış edəcək braziliyalı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalayacaq.
Razılaşmanın şərtlərinə əsasən, “Rodina” Bekaonun illik 600 min avro təşkil edən maaşının üçdə birini ödəyəcək. Qalan üçdə iki hissəni isə futbolçunun hüquqlarına sahib olan İstanbulun “Fənərbağça” klubu qarşılayacaq.
Qeyd edək ki, Rodriqo Bekaonun “Fənərbağça” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Braziliyalı futbolçu Rusiya Premyer Liqasına yaxşı bələddir. O, 2018-2019-cu illərdə Moskva ÇSKA-sında çıxış edib. Daha sonra dörd il İtaliyanın “Udineze” klubunun formasını geyinib.
Bekao 2023-cü ilin yayından “Fənərbağça”nın futbolçusudur. O, ötən mövsümün ikinci yarısını İstanbulun digər klubu – “Kasımpaşa”da keçirib.
“Rodina” Rusiya Premyer Liqasındakı ilk mövsümünü keçirir. Moskva təmsilçisi hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Komanda artıq Rusiya çempionu “Zenit”ə də qalib gəlməyi bacarıb.