- Transfer
- 23:43 11.09.2026
Azərbaycan futbolunda 2026/2027-ci illər mövsümünün yay transfer dönəmi başa çatıb.
90deqiqe.Az “Transfermarkt” portalına istinadən xəbər verir ki, sentyabrın 10-da saat 23:59-da bağlanan pəncərədə Premyer Liqa klublarının transfer fəallığı diqqət çəkib.
Yerli klublar yay fasiləsində futbolçu satışlarından 13,64 milyon avro gəlir əldə ediblər. Eyni müddətdə yeni oyunçuların transferinə 11,76 milyon avro xərclənib.
Beləliklə, klubların transfer əməliyyatlarının ümumi maliyyə dövriyyəsi 25,4 milyon avroya çatıb. Satışlardan əldə olunan gəlir isə transferlərə yönəldilən vəsaiti 1,88 milyon avro üstələyib.
Yay pəncərəsində ən böyük satış “Qarabağ”ın hücumçusu Kamilo Duranın “Seltik”ə keçidi olub. Şotlandiya klubu bu transfer üçün Azərbaycan çempionuna 5,5 milyon avro ödəyib. “Qarabağ”dan Leandro Andrade 3 milyon avroya “Pellesye”yə, “Sabah”dan Aaron Maluda isə 2,7 milyon avroya “Bazel”ə transfer olunub.
Transferlərə xərclənən vəsait baxımından isə “Qarabağ” önə çıxıb. Ağdam təmsilçisinin Taofik İsmail, Reda Xadra, Bens Varkonyi və Cebrail Makreçkis üçün ödədiyi məbləğlərin hər biri 1 milyon avro təşkil edib.
“Neftçi” də yay transferlərində 900 min avroluq iki keçidə imza atıb. Bakı klubunun heyətinə Freddi Varqas və Alen Şkribek bu məbləğ qarşılığında cəlb olunublar. “Qarabağ”ın Renaldo Sefası transferinə ödədiyi 880 min avro isə siyahıda növbəti pillədə yer alıb.
Ümumilikdə, Premyer Liqa klubları yay transfer pəncərəsində 160 futbolçunu yola salıb, 167 yeni oyunçu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların ümumi bazar dəyəri 110 milyon avronu ötür.