- Transfer
- 22:47 14.09.2026
Yunanıstanın “Panatinaikos” klubu heyətini “Roma”nın müdafiəçisi Anas Salah-Edinlə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 24 yaşlı mərakeşli futbolçu bir mövsümlük icarə əsasında “Panatinaikos”a keçib.
Amsterdamda anadan olan Salah-Edin “AZ Alkmaar” və “Ayaks” akademiyalarının yetirməsidir. O, 2022/23 mövsümündə icarə əsasında “Tvente”də çıxış edib. Növbəti mövsümdə Niderland klubu futbolçunun transfer hüquqlarını alıb.
Müdafiəçi 2025-ci ilin fevralında 8 milyon avrodan çox məbləğ qarşılığında “Roma”ya transfer olunub.
Ötən mövsümü isə PSV-də icarə əsasında keçirən Salah-Edin 25 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. O, komanda ilə Niderland çempionu olub.
Hazırda futbolçunun bazar dəyəri 12 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Salah-Edin karyerasının əvvəlində Niderlandın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib. Daha sonra Mərakeş millisinin formasını geyinməyə qərar verən müdafiəçi Afrika Millətlər Kubokunda və son dünya çempionatında iştirak edib.