- Transfer
- 23:14 15.09.2026
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Maykl Kerriki əvəzləyə biləcək namizədlər arasında Antonio Konteni nəzərdən keçirir.
90deqiqe.Az-ın “Corriere della Sera"ya istinadən məlumatına görə, italiyalı mütəxəssis “qırmızı şeytanlar”ın mümkün namizədlər siyahısında ilk pillədə qərarlaşıb.
İngiltərə çempionatında ilk dörd turdan sonra Kerrikin komandası cəmi 4 xal toplayıb. Bu nəticə baş məşqçinin üzərindəki təzyiqi artırıb. Bununla belə, 39 yaşlı mütəxəssisin yaxın zamanda 2028-ci ilin iyununa qədər nəzərdə tutulan yeni uzunmüddətli müqavilə imzaladığı bildirilir.
Antonio Konte isə may ayında “Napoli” ilə müqaviləsini vaxtından əvvəl pozduqdan sonra hazırda işsizdir. 57 yaşlı mütəxəssisin yalnız iddialarına və ambisiyalarına uyğun böyük klub və ciddi layihə naminə məşqçilik fəaliyyətinə qayıtmağa hazır olduğu qeyd edilir.
Kontenin mümkün təyinatı “Yuventus”dakı vəziyyətə də təsir göstərə bilər. Turin klubunun baş məşqçisi Luçano Spalletti də təzyiq altındadır. Onun “Yuventus”la müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir və klub rəhbərliyi bu həftə italiyalı mütəxəssisə açıq şəkildə dəstək verib.
Bununla belə, “Yuventus” azarkeşlərinin bir hissəsi Antonio Kontenin komandaya qayıtmasını istəyir.