19 sentyabr 2026. Şənbə

“Bavariya” Dani Olmo üçün 70 milyon avro təklif edə bilər


  • Transfer
  • 23:48 18.09.2026
  • Oxunma sayı: 38
“Bavariya” Dani Olmo üçün 70 milyon avro təklif edə bilər

“Bavariya”nın baş məşqçisi Vensan Kompani hücum xəttində daha çox seçimə sahib olmaq istəyir. 

90deqiqe.Az-ın məlumatına görə, Münhen klubu bu məqsədlə “Barselona”nın yarımmüdafiəçisi Dani Olmonu transfer etmək niyyətindədir. Bu barədə “El Nacional” “Bild”ə istinadən məlumat yayıb.

Kompani Harri Keyn və Serj Qnabri kimi futbolçuların yaşını, Camal Musialanın səhhəti ilə bağlı problemləri, həmçinin Luis Diasın qeyri-sabit çıxışlarını nəzərə alaraq hücum xəttinin gücləndirilməsini istəyir.

“Bavariya” daha əvvəl də Olmonu transfer etməyə çalışsa da, buna nail olmayıb. Buna baxmayaraq, 27 yaşlı futbolçu Münhen klubunun transfer siyahısında qalır.

Kompani Olmonun oyununu yüksək qiymətləndirir. Bundan əlavə, ispaniyalı futbolçu “RB Leypsiq”də çıxış etdiyi üçün Bundesliqaya yaxşı bələddir və Almaniyaya uyğunlaşmaqda problem yaşamayacağı düşünülür.

Məlumata görə, “Bavariya” Olmo ilə bağlı danışıqlara başlamağı planlaşdırır və onun transferi üçün 70 milyon avro təklif edə bilər. Münhen təmsilçisi futbolçunun “Barselona”da əvvəlki qədər oyun vaxtı almamasından yararlanmaq istəyir.

Hazırda Olmo “Barselona”da heyətə düşmək uğrunda rəqabətdə Fermin Lopesə uduzur. Bu vəziyyətin onun klubdan ayrılmaq barədə düşünməsinə səbəb ola biləcəyi bildirilir.

Transferin reallaşıb-reallaşmayacağı isə “Barselona” prezidenti Joan Laportanın qərarından asılı olacaq.







Transfer