- Transfer
- 20:22 08.10.2026
“Real Madrid” və “Barselona”nın uzun müddətdir maraq göstərdiyi Erlinq Holannın İspaniyaya mümkün transferi ilə bağlı yeni iddia ortaya çıxıb.
90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə, norveçli hücumçunun 2027-ci ildə La Liqa nəhənglərindən birinə keçəcəyi gözlənilir. Bildirilir ki, “Barselona” artıq Holannın mümkün transfer və müqavilə şərtlərini öyrənərək danışıqlar üçün zəmin hazırlamağa çalışır.
Lakin katalon klubunun bu transferi reallaşdırması maliyyə səbəbindən çətin ola bilər.
“Joan Laporta danışıqları irəlilədə və zəmin hazırlaya bilər. Lakin futbolçunu qeydiyyatdan keçirmək imkanının olmaması halında bütün bunların mənası çox az olacaq”, – deyə “El Nacional” yazıb.
“Barselona” üçün əsas problem maliyyə məsələləridir. Holannın transferi yalnız “Mançester Siti”yə ödəniləcək məbləğlə məhdudlaşmır. Norveçli hücumçu ilə yüksək maaşlı müqavilənin bağlanması da klub üçün ciddi maliyyə yükü yaradacaq.
Kataloniya təmsilçisi hazırkı maliyyə vəziyyətini nəzərə alaraq futbolçunun La Liqada qeydiyyatdan keçirilməsi ilə bağlı çətinliklərlə üzləşə bilər.
“Gazeta.Ru”nun qeyd etdiyi kimi, bu baxımdan Holannın La Liqanın iki nəhəngi arasındakı seçimi gözləniləndən daha asan ola bilər.
“El Nacional” yazır ki, “Real Madrid” belə səviyyəli müqavilə bağlamağa daha yaxşı hazırlaşmış iqtisadi struktura malikdir və bunun üçün əvvəlcədən çoxsaylı addımlar atmağa ehtiyac yoxdur.
“Barselona”nı narahat edən də məhz budur: Laporta Holannla razılaşmaya yaxınlaşa bilər, lakin maaş limitləri futbolçunun qeydiyyata alınmasını mümkünsüz edə bilər”, – nəşr qeyd edib.
Qeyd edək ki, Erlinq Holannın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin ortalarına qədər qüvvədədir.