- Transfer
- 23:51 15.10.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hazırda yarımmüdafiəçi Qaviyə kifayət qədər oyun vaxtı verəcəyinə zəmanət verə bilmir.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu əvvəlki formasına qayıda biləcəyinə inanır, lakin bunun üçün daha çox meydana çıxmalı olduğunu düşünür.
Mərkəz yarımmüdafiəçiləri arasında Qavidən öndə hazırda Pedri, Rodri, Lopes və Bernal yer alır. Bundan əlavə, Frenki de Yonqun zədədən sonra sıraya qayıtması da rəqabəti artırır.
Bu səbəbdən Qavinin “Barselona”dan ayrılması ehtimalı gündəmə gəlib. “Gazeta.Ru”nun “El Nacional”a istinadən yaydığı məlumata görə, kataloniyalılar futbolçunu toxunulmaz hesab etmirlər və sərfəli təklif gələrsə, onun satışını nəzərdən keçirə bilərlər.
“Barselona” artıq belə bir ssenari üzərində işləyir və Qavini kimin əvəz edə biləcəyini araşdırır. Kataloniya klubunun diqqətini “Tottenhem”in yarımmüdafiəçisi Lukas Berqvall cəlb edib.
Berqvall İsveçin “Yurqorden” klubunda çıxış etdiyi dövrdə də “Barselona”nın maraq dairəsində olub. Lakin 2024-cü ilin əvvəlində transfer baş tutmayıb və yarımmüdafiəçi altı ay sonra “Tottenhem”ə keçib.
Qeyd edək ki, 20 yaşlı Lukas Berqvallın transfer dəyəri “Transfermarkt” portalı tərəfindən 40 milyon avro qiymətləndirilir.