- Transfer
- 02:21 26.10.2026
Almaniyanın “Leypsiq” klubu qarşıdakı yay transfer pəncərəsində icarə əsasında çıxış edən Brayan Qruda və Neyl əl-Aynauinin transfer hüquqlarını almaq üçün təxminən 50 milyon avro ödəyə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Brayton”dan icarəyə götürülən Qrudanın transferinin mövsümün ikinci yarısında məcburi olması gözlənilir. “Roma”dan icarəyə alınan əl-Aynauinin müqaviləsindəki satınalma bəndinin aktivləşdirilməsi də kifayət qədər real görünür.
Qruda ötən mövsümün ikinci yarısında da “Leypsiq”də icarə əsasında çıxış edib. Yayda isə daha bir mövsüm üçün komandaya qayıdıb. 22 yaşlı almaniyalı yarımmüdafiəçinin transferi təxminən 25 milyon avroya başa gələ bilər. O, mərkəz yarımmüdafiəçisi və hücumameyilli yarımmüdafiəçi mövqelərində, eləcə də hücumun cinahlarında oynaya bilir. Futbolçunun daimi transferi reallaşacağı təqdirdə qüvvəyə minəcək müqavilənin şərtləri artıq razılaşdırılıb.
Mərakeşli yarımmüdafiəçi əl-Aynaui isə sentyabrın əvvəlində “Roma”dan satınalma imkanı ilə icarəyə götürülüb. Onun transfer hüquqlarının alınması təxminən 25 milyon avroya başa gələ bilər.
“Leypsiq”də 25 yaşlı futbolçunun həm meydandakı çıxışı, həm də meydandan kənar davranışı yüksək qiymətləndirilir. Onunla daimi müqavilənin şəxsi şərtləri də əvvəlcədən razılaşdırılıb.