- Transfer
- 01:32 07.11.2026
“Arsenal” “Barselona”nın maraq dairəsində olan müdafiəçisi Piero İnkapiyeni satmaq niyyətində deyil.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
Kataloniya klubu qış transfer pəncərəsində mərkəz müdafiəçisi almağı planlaşdırır. Bəzi məlumatlara görə, “Barselona” ekvadorlu futbolçunu Aleksandro Balde ilə dəyişmək variantını da nəzərdən keçirib.
Lakin Romanonun sözlərinə görə, bu variant istisna olunur. “Arsenal” İnkapiyenin çıxışından tam razıdır və 24 yaşlı müdafiəçi ilə yollarını ayırmağı düşünmür.
İnkapiye ötən mövsüm “Bayer”dən icarə əsasında London klubunda çıxış edib və komandanın İngiltərə Premyer Liqasının qalibi olmasına kömək göstərib. Yayda “Arsenal” futbolçunun transfer hüquqlarını tam şəkildə əldə edib.
Ekvadorlu müdafiəçi cari mövsüm zədələr və baş məşqçi Mikel Artetanın taktiki qərarları səbəbindən müntəzəm olaraq meydana çıxmır. Bu isə onun yanvarda komandadan ayrılacağı ilə bağlı xəbərlərə yol açıb.
Romano, həmçinin Aleksandro Baldenin “Barselona”dan ayrılmasının hələ də mümkün olduğunu bildirib. Kataloniya klubunun yetirməsi əsas heyətdəki yerini itirib. Komandadakı mövqeyi dəyişməzsə, müdafiəçi yanvarda başqa kluba keçmək variantını nəzərdən keçirə bilər.