- Transfer
- 22:45 12.11.2026
“Brügge” klubu hücumçusu Nikolo Trezoldini ən azı 60 milyon avroya satmağa hazırdır.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, 21 yaşlı futbolçu “Milan”ın diqqətini cəlb etsə də, Belçika təmsilçisi müvafiq təklif almayacağı təqdirdə onu qış transfer pəncərəsində buraxmaq niyyətində deyil.
“Brügge” yalnız potensial alıcı müəyyənləşdirilmiş məbləği ödəməyə razılaşacağı halda ciddi danışıqlara başlamağa hazırdır. Trezoldinin klubla müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. Buna görə də Belçika təmsilçisi futbolçunu satmağa tələsmir.
Hücumçu cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxaraq 14 qol vurub. Onun ən parlaq çıxışlarından biri Çempionlar Liqasında “İnter”ə qarşı görüşdə het-trik etməsi olub. Həmin matçda “Brügge” “San-Siro” stadionunda rəqibini 4:3 hesabı ilə məğlub edib.
Kalyaridə anadan olan Trezoldinin İtaliya və Almaniya vətəndaşlığı var. O, Almaniyanın gənclər millisində çıxış edir. Futbolçu daha əvvəl nə vaxtsa “Milan”a keçmək arzusunda olduğunu açıq şəkildə bildirmişdi.
2025/26 mövsümündə Trezoldi “Brügge”yə Belçika çempionluğunu və ölkə Superkubokunu qazanmaqda kömək edib. O, həmçinin ölkə çempionatının ən məhsuldar futbolçusu olub.