- Transfer
- 22:45 12.11.2026
Niderlandiya millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder ölkə çempionatının gücünə görə doqquzuncu divizionunda çıxış edən “Eminent Boys” klubunun baş məşqçisi təyin olunub.
90deqiqe.Az xəbər verir ki, bu barədə "vi.nl" məlumat yayıb.
Utrext təmsilçisində Sneyder qardaşı Rodni ilə birlikdə çalışacaq. Rodni hazırda komandanın futbolçusudur.
Ötən mövsüm “Eminent Boys” onuncu liqanın qalibi olub. Bazar ertəsi klub baş məşqçi Mustafa Talha ilə yollarını ayırıb, ertəsi gün isə Sneyder artıq komandanın məşqini keçirib. Hazırda kollektiv öz yarımqrupunda beşinci pillədə qərarlaşıb.
Klubun texniki komissiyasının üzvü Mus Çakır yeni baş məşqçinin təyinatını belə şərh edib:
“Ümid edirik ki, o, komandaya yeni nəfəs verə biləcək. Təcrübəsi və xarakteri sayəsində futbolçuların motivasiyasında və gələcək inkişafında mühüm rol oynaya bilər”.
Sneyder peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, karyerası ərzində Madrid “Real”ında, “İnter”də və bir sıra digər klublarda çıxış edib. Niderland millisinin heyətində isə 134 oyun keçirib və 31 qol vurub.