27 noyabr 2026. Cümə

“Bavariya” “Qalatasaray”ın sabiq hücumçusunu transfer edə bilər


  • Transfer
  • 02:20 27.11.2026
  • Oxunma sayı: 60
“Bavariya”  “Qalatasaray”ın sabiq hücumçusunu transfer edə bilər
Anadolu Ajansı

Almaniyanın “Bavariya” klubu “Qalatasaray”ın sabiq hücumçusu Mauro İkardinin transferini nəzərdən keçirir.

90deqiqe.Az-ın “Bild” nəşrinə istinadən məlumatına görə, Münhen təmsilçisi hücum xəttində yaşanan zədə problemləri səbəbindən argentinalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.

İkardi iyulun əvvəlindən, Türkiyə klubu ilə müqaviləsinin başa çatmasından sonra azad agent statusundadır. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. Belə ki, hücumçu illik maaşı 10 milyon avrodan çox olan uzunmüddətli sözləşmə tələb edib.

“Bavariya”da hücum xəttindəki zədələr, xüsusilə Harri Keynin uzun müddətə sıradan çıxması narahatlıq doğurur. Almaniya klubu ingiltərəli forvardın yoxluğunda onu əvəz edə biləcək təcrübəli hücumçu axtarır. Keynin qayıdışından sonra isə həmin futbolçunun ehtiyat oyunçusu kimi çıxış etməsi nəzərdə tutulur.

Qeyd edək ki, İkardinin adı daha əvvəl “İnter”, “Milan”, “Yuventus”, “Napoli” və “Komo” klubları ilə hallanıb. Lakin bu komandaların transferə yanaşmaları fərqlidir. “İnter” hücum xəttini gücləndirməyi planlaşdırmır, “Milan” isə daha gənc futbolçulara üstünlük verir. “Yuventus”un baş məşqçisi Luçano Spallettinin də argentinalı hücumçunun komandaya uyğunluğu ilə bağlı tərəddüdləri var.

“Napoli” İkardini Rasmus Höylundun əvəzedicisi kimi nəzərdən keçirə bilər. “Komo” isə Moyze Kinin zədəsini nəzərə alaraq argentinalını Anastasios Duvikasın ehtiyat variantı kimi heyətinə qatmaq imkanını dəyərləndirə bilər.







Transfer