Türkiyənin I Liqa təmsilçisi "Bursaspor"un şərəfini qoruyan Azərbaycan millisinin üzvü Namik Ələskərov "Kocaelispor" üzərində qələbədən (2:1) sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Corner.az xəbər verir ki, bu oyunda qələbə qolunun ötürməsini verən 27 yaşlı futbolçu təzyiq altında olduğunu bildirib:
“Turnir cədvəli baxımından bizim üçün çox vacib matç oldu. Mütləq qalib gəlməliydik. Başqa fikrimiz yox idi. Şükürlər olsun ki, azarkeşlərimizin dəstəyi ilə bunu bacardıq.
Şadam ki, qələbədə yaxından iştirak etdim. Verdiyim məhsuldar ötürmədən sonra vurduğumuz qolla meydanı 3 xal ilə tərk etdik. Top mənə gələndə Pedronu gördüm. Şükürlər olsun ki, o da qol vurdu və biz qalib gəldik.
Matçın gedişində əldə etdiyim bir başqa epizodda tələsdim. Son vaxtlar nədənsə, qol vurmaqda çətinlik çəkirəm. Qol vursam, ardı da gələcək. “Bursaspor” kimi komandanın autsayder olması ağlasığmazdır. "Bursaspor" aşağı liqaya düşməyəcək".
Qeyd edək ki, bu mövsümdən "Bursaspor"da çıxış edən Namik Ələskərov vurduğu 4 qol və 6 məhsuldar ötürmə ilə komandasının liderlərindəndir.