Türkiyənin “Kayserispor” klubu hücumçusu Kevin Lukassenlə yollarını ayırıb. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu Rumıniyanın “Rapid” klubuna keçib.
Niderlandlı futbolçu “Kayserispor”a ötən ilin fevral ayında məhz Rumıniyadan – bu ölkənin digər klubu “Vitorul”dan gəlmişdi. O, Kayseri klubunda cəmi 14 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu ötən mövsüm Rumıniyanın “Sepsi” komandasında icarədə də oynayıb. “Alkmaar”ın yetirməsi olan futbolçu, “Ross Kaunti”, “Slovan” (Liberets), “Sankt Pölten”, “Northempton Taun”, “Almere Siti” və “Politexnika” (Yasi) kimi klubların da formasını geyinib.
“Kayserispor” müdafiəçisi Jozef Attamanı da Super Liqanın yeni mövsümünün ilk dövrəsi üçün sifariş etməyib. Buna səbəb qanalı futbolçunun ağır zədə ilə üzləşməsi olub. 28 yaşlı oyunçunun ən azı qış fasiləsinə qədər komandanın oyunlarında iştirak edə bilməcəyi açıqlanıb. Onun gələcək aqibəti qış fasiləsi dönəmindəki hazırlıq səviyyəsindən asılı olacaq.
Jozef Attama 2020-ci ildən “Kayserispor”da çıxış edir. O, bu komandanın heyətində 70 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Qana yığmasının üzvü daha öncə Türkiyədə “Adana Dəmirspor”, “Başakşəhər”, “Rizəspor” və “Fatih Karagümrük”ün də uğurları üçün çalışıb.