“Qalatasaray”ın bu mövsümkü uğurlu çıxışının əsas memarlarından hesab olunan Okan Buruk yeni rekordlar qırmaqda davam edir. Corner.az xəbər verir ki, son olaraq “Trabzonspor”a doğma meydanda 2:1 hesabıyla qalib gələn “sarı-qırmızılar” ardıcıl 15 oyundur meydanı qələbə ilə tərk edir.
Hazırda Super Liqanın lideri olan İstanbul təmsilçisi son 15 qarşılaşmada “Fatih Karagümrük” (2:0), “Beşiktaş” (2:1), “Ofspor” (2:1), “Başakşəhər” (7:0), “Keçiörengücü” (1:0), “İstanbulspor” (2:1), “Sivasspor” (2:1), “Ankaragücü” (2:1), “Fənərbaxça” (3:0), “Hatayspor” (4:0), “Alanyaspor” (2:1), “Antalyaspor” (2:1), “Girəsunspor” (4:0), “Ümraniyəspor” (3:2) və “Trabzonspor”u (2:1) məğlub edib.
Okan Buruk “Qalatasaray”ın baş məşqçisi postunda ardıcıl 15 oyunda qələbə sevinci yaşayan ilk mütəxəssisə çevrilib. Bundan əvvəlki rekord Mustafa Dənizliyə məxsus idi – ardıcıl 13 qələbə. O, bu uğura 1987/88 mövsümünün sonu və 1988/89 mövsümünün əvvəlində qazanılmış qələbələrlə nail olmuşdu.
Bu qələbələr sayəsində “Qalatasaray” həm də tarixində ilk dəfə Super Liqada ardıcıl 12 oyundan qalib ayrılıb. Super Liqadakı ardıcıl qələbə sayında əvvəlki rekord isə Fatih Terimə məxsus idi – 10 qələbə.
Okan Buruk Super Liqa tarixində yerli mütəxəssislər arasında ən uzun qələbə seriyasına malik Şenol Günəşlə Ziya Doğanın 11 matçlıq rekordlarını da qırıb.