- Türkiyə S.L.
- 22:26 27.07.2026
"Beşiktaş"ın futbol direktoru Öndər Özen Məhəmməd Salahın transferi ilə bağlı son vəziyyətə aydınlıq gətirib.
90deqiqe.Az xəbər verir ki, klub rəsmisi keçirdiyi mətbuat konfransında Misir millisinin ulduzu ilə aparılan danışıqların hazırda dayandırıldığını açıqlayıb.
Özen bildirib ki, baş məşqçi ilə müqavilə imzalandıqdan cəmi 20 dəqiqə sonra transfer planı hazırlanıb və proses üç mərhələyə bölünüb. İlk mərhələdə heyətin zəif mövqelərinin gücləndirilməsi əsas hədəf olub. Bu çərçivədə qapıçı, sol cinah müdafiəçisi və hücum xətti üçün yeni futbolçular transfer edilib.
Klub rəsmisinin sözlərinə görə, Məhəmməd Salahın transferi həm idman, həm də marketinq baxımından strateji layihə kimi dəyərləndirilib.
"Biz Salahla ümumilikdə üç dəfə danışdıq. İki görüşdə layihəmizi və klubda ona göstəriləcək marağı izah etdim. Bir görüşdə isə baş məşqçimiz taktiki məsələləri müzakirə etdi. Proses əvvəlcə uğurla irəliləyirdi"
Lakin onun sözlərinə görə, iyulun 21-dən etibarən danışıqlar ləngiməyə başlayıb.
"Həm informasiya axını zəiflədi, həm də maliyyə baxımından klubun siyasətinə uyğun olmayan tələblər irəli sürüldü. Klubun prinsipləri var və biz bu çərçivədən kənara çıxa bilmərik. Rəhbərlik düzgün qərar verdi və danışıqları dayandırdı", - deyə futbol direktoru vurğulayıb.
Öndər Özen əlavə edib ki, "Beşiktaş" Salah üçün son təklifini artıq təqdim edib və bundan sonra yeni təklif göndərilməyəcək.
"Bu transfer bizim üçün hələlik bağlanmış mövzudur. Əgər gələcəkdə bizim şərtlərimiz qəbul olunarsa, proses yenidən davam edə bilər", - deyə o qeyd edib.