- Türkiyə S.L.
- 23:16 04.08.2026
Karyerasını başa vuran tanınmış ingilis hakim Entoni Teylorun yeni vəzifəsi bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, 47 yaşlı referi bundan sonra Türkiyə Super Liqasında hakimlik məsələləri üzrə direktor kimi fəaliyyət göstərəcək. Bu barədə Türkiyə Mərkəzi Hakimlər Şurası (MHK) rəsmi məlumat yayıb.
Bildirilir ki, Entoni Teylor yeni vəzifəsində hakimliyin inkişafı, strateji planlaşdırma və gələcək nəsil referilərin hazırlanması istiqamətində çalışacaq. Onun əsas məqsədi yüksək səviyyədə idarəçilik bacarığına malik hakimlərin yetişdirilməsinə töhfə vermək olacaq.
Qeyd edək ki, Entoni Teylor qısa müddət əvvəl 47 yaşında hakimlik karyerasını başa vurduğunu açıqlamışdı. O, 16 il ərzində İngiltərə Premyer Liqasının oyunlarını idarə edib və dünyanın ən tanınmış futbol hakimlərindən biri hesab olunur.