- Türkiyə S.L.
- 00:15 03.09.2026
“Trabzonspor”da Fatih Tekke dönəmi rəsmən başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Türkiyə klubu yeni baş məşqçi axtarışlarına başlayıb.
Yeni baş məşqçi postuna namizədlər arasında ən diqqətçəkən ad Antonio Kontedir. “Napoli”dən ayrıldıqdan sonra heç bir klubla anlaşmayan italiyalı mütəxəssis hazırda azad agent statusundadır.
Namizədlər siyahısında son olaraq “Əl-İttihad”a rəhbərlik etmiş Serxio Konseysao da yer alır. Bundan başqa, daha əvvəl “Fənərbağça”da iki fərqli dönəmdə çalışan Vitor Pereyra, “Şaxtyor Donetsk”in sabiq baş məşqçisi Arda Turan, eləcə də Şenol Günəş və Abdullah Avcının namizədliyi nəzərdən keçirilir.
Türkiyə Super Liqanın 3-cü turunda səfərdə “Amed Sportif Faaliyetler”ə 1:2 hesabı ilə məğlub olan “Trabzonspor” Fatih Tekke ilə yollarını ayırıb. Qeyd edək ki, 48 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Ferentsvaroş”la səfər oyunundan sonra istefa versə də, klub rəhbərliyi onun qərarını qəbul etməmişdi.
Lakin “Trabzonspor” dünən yaydığı açıqlamada Fatih Tekke ilə qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyulduğunu bildirib.
Qeyd edək ki, Fatih Tekkenin ayrılmasından sonra “Trabzonspor”un həftəsonu “Gənclərbirliyi” ilə keçirəcəyi görüşə qədər komandaya Hüseyn Çimşirin rəhbərlik edəcəyi bildirilib.