- Türkiyə S.L.
- 19:35 26.09.2026
FIFA Türkiyənin “Fənərbağça” klubuna üç transfer pəncərəsi müddətinə transfer qadağası tətbiq edib.
90deqiqe.Az-ın məlumatına görə, klubun üzərinə qoyulan qadağa müvəqqətidir və 2024/2025 mövsümündə komandaya qoşulan Yussef En-Nesirinin transferi ilə bağlıdır.
Klubun yaydığı açıqlamada bildirilib ki, futbolçunun transfer məbləğinin 30 aprel 2026-cı il tarixli ödənişinin həyata keçirilməməsi ilə əlaqədar qarşı tərəf FIFA-ya müraciət edib. Yeni rəhbərlik vəzifəsinin icrasına başladıqdan sonra gecikmiş ödəniş həyata keçirilib.
Bununla yanaşı, qarşı tərəfin FIFA-ya müraciəti üzrə növbəti ödənişin də həyata keçirilməsi tələb olunub. “Fənərbağça” isə ödənişi etmək üçün FIFA-nın qərarını gözləyib.
Klub FIFA-nın qərarı ilə müəyyən edilən ödənişi ilk iş günü – bazar ertəsi həyata keçirəcəyini açıqlayıb. Ödənişdən sonra FIFA qarşısında tələb olunan prosedurlar tamamlandıqdan sonra transfer qadağasının aradan qaldırılacağı bildirilib.
“Fənərbağça” həmçinin əvvəlki dövrlə bağlı bütün maliyyə hesabatlarının və öhdəliklərin sentyabrın 27-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda klub üzvləri və ictimaiyyətə şəffaf şəkildə təqdim ediləcəyini açıqlayıb.