- Türkiyə S.L.
- 22:31 27.10.2026
“Fənərbağça” baş məşqçi İsmail Kartalla yollarını rəsmən ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi təcrübəli mütəxəssisin istefa müraciətinin qəbul edildiyini İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlayıb.
Türkiyə Super Liqasının 9-cu turunda səfərdə “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olan “Fənərbağça”da İsmail Kartalın gələcəyi müzakirə mövzusuna çevrilmişdi.
Təcrübəli çalışdırıcı daha əvvəl “Roma” ilə oyundan sonra istefa versə də, rəhbərliyin müdaxiləsindən sonra qərarından geri çəkilmişdi. “Qalatasaray”la görüşdən sonra isə o, yenidən istefa vermək qərarına gəlib.
Azarkeşlərin ciddi tənqidlərinə məruz qalan mütəxəssisin mətbuat konfransındakı açıqlamaları da müzakirələrə səbəb olub. Samandıra bazasında keçirilən toplantıdan sonra Kartal istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Rəhbərlik onun müraciətini qəbul edib və bununla da İsmail Kartalın “Fənərbağça”dakı dördüncü dönəmi başa çatıb.
65 yaşlı mütəxəssis iyunun 18-də dördüncü dəfə komandanın baş məşqçisi təyin olunmuşdu. O, bu müddətdə 18 oyunda komandaya rəhbərlik edib. Həmin qarşılaşmaların 9-da qələbə qazanan “Fənərbağça” 5 heç-heçə edib və 4 dəfə məğlub olub. Bu oyunların 9-u UEFA Çempionlar Liqasında, 9-u isə Türkiyə Super Liqasında keçirilib.
İlkin məlumata görə, komandanın müvəqqəti olaraq Dirk Kuyta tapşırılması gözlənilir. Niderlandlı mütəxəssisin İstanbul təmsilçisinin doğma meydanda “Göztəpə” və “Liverpul”la oyunlarında komandanı meydana çıxaracağı bildirilir.
Bundan sonra Kuytın “Çorum” və “Kocaelispor”la səfər qarşılaşmalarında da vəzifəsini davam etdirəcəyi gözlənilir. Klubun yeni baş məşqçisinin isə milli komandaların oyunları ilə əlaqədar fasiləyədək müəyyənləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qalatasaray”a 1:2 hesablı məğlubiyyətdən sonra “Fənərbağça” liderdən 6 xal geri qalaraq turnir cədvəlinin 5-ci pilləsinə düşüb.
İstanbul təmsilçisi oktyabrın 31-də, şənbə günü “Çobani” stadionunda “Göztəpə”ni qəbul edəcək. Komandanın həmin matçda kimin rəhbərliyi altında meydana çıxacağı ilə bağlı qərarın verilməsi gözlənilir.