16 noyabr 2026. Bazar ertəsi

Türkiyədə futbol klubunun avtobusu yandı - Matç təxirə salındı


Türkiyədə futbol klubunun avtobusu yandı  - Matç təxirə salındı

Türkiyənin Karaman şəhərində "Karaman FK" futbolçularını daşıyan avtobusda yanğın baş verib. 

90deqiqe.Az-ın məlumatına görə, bu səbəbdə komandanın bu gün keçirilməli olan oyunu təxirə salınıb. Yanğın Karaman-Konya avtomobil yolunun şəhər girişində qeydə alınıb.

Məlumata görə, Türkiyə 3-cü Liqada mübarizə aparan "Karaman FK"nı Mersinin Silifke rayonunda “Yeni Mersin İdmanyurdu” ilə keçirəcəyi oyuna aparan avtobusun mühərrik hissəsində yanğın başlayıb. Kazımkarabəkir bələdiyyəsinə məxsus, M.B.-nin idarə etdiyi 70 BE 008 dövlət nömrə nişanlı avtobusda tüstünü görən futbolçular sürücüyə xəbərdarlıq ediblər.

Avtobus yolun kənarında saxlanılıb və futbolçular nəqliyyat vasitəsini tərk ediblər. Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Yanğın söndürülsə də, avtobusa ciddi ziyan dəyib.

"Karaman FK"nın baş məşqçisi Özgür Polat jurnalistlərə açıqlamasında Silifkeyə səfər etdikləri zaman avtobusdan tüstü qoxusu gəldiyini bildirib:

“Sürücüyə xəbərdarlıq etdik. O da avtobusun mühərrikinin söndüyünü və elektrik enerjisinin kəsildiyini dedi. Bu zaman qapının açılmadığını gördük. Qapını açmaq üçün xeyli çalışdıq. Qapını açdıqdan sonra tüstü yüksəlməyə, alov görünməyə başladı. Avtobusdan uzaqlaşaraq təhlükəsiz yerə keçdik. Daha sonra yanğınsöndürənlər alovu söndürdülər. Hazırda futbolçularımız və əməkdaşlarımız arasında xəsarət alan yoxdur. Matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarı federasiya verəcək. Onun açıqlamasına uyğun hərəkət edəcəyik”.

Türkiyə Futbol Federasiyası da hadisə ilə bağlı "Karaman FK"ya dəstək mesajı yayıb. Federasiyanın açıqlamasında bildirilib ki, komandanı daşıyan avtobusda yanğın baş verməsi səbəbindən heyət böyük təhlükə ilə üzləşib. Futbolçuların və klub nümayəndələrinin xəsarət almadan xilas olmasından məmnunluq ifadə olunub.

Hadisə ilə əlaqədar bu gün saat 13:00-da Silifke Şəhər Stadionunda keçirilməsi planlaşdırılan “Yeni Mersin İdmanyurdu” – "Karaman FK" matçı qeyri-müəyyən vaxta təxirə salınıb.







Türkiyə S.L.