Futbol üzrə klublararası dünya çempionatının ikinci finalçısı da bəlli olub.
Corner.az xəbər verir ki, sonuncu yarımfinal görüşü UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə Meksika “Monterrey”i arasında keçirilib. 2:1 hesablı qələbə qazanan Premyer Liqa klubu adını finala yazdırıb.
Xatırladaq ki, ilk yarımfinal matçında Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası KONMEBOL-da çempion olan “Flamenqo”yla (Braziliya) qarşılaşıb. Braziliyalılar bu görüşdə 3:1 hesabıyla qalib gələrək finala adlayıblar.
Klublararası DÇ-nin finalı dekabrın 21-ndə Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq. Həlledici oyunda “Liverpul”la “Flamenqo” qarşılaşacaq. Final görüşü ilə yanaşı, 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək. Bürünc medal uğrunda “Monterrey” ilə “Əl Hilal” mübarizə aparacaq.