28 oktyabr 2024. Bazar ertəsi

Pərviz Musayev: O oyunu necə şərh etdim, necə bitirdim, xatırlamıram


Pərviz Musayev: O oyunu necə şərh etdim, necə bitirdim, xatırlamıram

Koronavirus pandemiyasına görə idman yarışları dayandırıldığı üçün şərhçilər də işlərindən ayrı düşüb.


Corner.az məlumat verir ki, Azərbaycanın tanınmış idman şərhçisi, “CBC Sport” telekanalının əməkdaşı Pərviz Musayev bu və digər mövzular ilə bağlı Sportal.az saytına müsahibə verib.Həmin müsahibəni sizlərə təqdim edirik:

 
- Uzun illərdir efirdəsiniz və universal şərhçi kimi tanınırsınız. Bu sahəyə gəlişinizdən danışardınız.
- Televiziyaya gəlişim 1998-ci ilin fevral ayında olub. 1995-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olmuşdum. Jurnalistikada deyil, tərcümə fakültəsində (fransız dili) təhsil almışam. Həmin dönəmlər “Sara” televiziyası açılmışdı. O kanala idman müxbiri axtarırdılar. Özüm 11-ci sinifə qədər doğulduğum Qazax rayonunda güləşlə məşğul olmuşam. Bu səbəbdən idmana marağım var idi. Universiteti bitirənə kimi o kanalda çalışdım. Təhsili bitirən kimi hərbi xidmətə yollandım. Adım Hərbi Dəniz Qüvvələrinə düşdüyü üçün 6 ay əlavə xidmət etməli idim. Ali təhsilli kimi 1 il əvəzinə, 18 ay xidmətdə oldum. 2001-ci ilin yanvarında hərbidən qayıtdıqdan sonra iş axtarışına başlamışdım. O dönəmdə isə “Lider” kanalı fəaliyyət göstərirdi. 2001-ci ilin aprelində kanala müraciət etdim. İlk çəkilişdən sonra təcrübəmin olduğunu görüb, işə qəbul etdilər. Televiziyaya gəlişim belə olub. 2014-cü ilin aprelinə qədər “Lider”də fəaliyyət göstərdim. Bu kanalda çalışmaqla yanaşı, Velosiped İdmanı Federasiyasında mətbuat xidmətinin rəhbəri təyin edildim. Daha sonra “CBC Sport” kanalı ilə əməkdaşlığa başladım.
 
Image may contain: Pərviz Musayev, standing, sky and outdoor
 
- Şərhçilərin futbolsuz günləri necə keçir?
- Hamı necə, biz də elə. Virusdan qorunmaq üçün karantin qaydalarına əməl edirik. Futbol olmasa da, həftədə 1 dəfə mən və Elçin Cəfərovun təqdimatında yayımlanan “Türkiyədən futbol” verilişini hazırlamaq üçün “CBC Sport”a gedirik. Bundan əlavə, İspaniya, İtaliya və digər çempionatların keçmişdəki oyunlarını həftədə bir dəfə şərh edirik. Belə vəziyyətdə mənəvi aclıq var. İdmanla bağlı müəyyən xəbərlər əldə etməyə çalışırıq. Velosiped İdmanı Federasiyasında çalışdığım üçün qurumun sosial şəbəkə hesablarını aktiv saxlamağa çalışıram. Evdə kifayət qədər boş zaman olur. Hər gün məşq edirəm. Uzun illər idmanla məşğulam. Hər zaman bunu etmişəm. Ailəm və övladlarımla vaxt keçirirəm. Bu dönəmin yaxşı tərəfi də odur ki, ailəyə çox vaxt ayırırıq. Çalışırıq ki, evdə darıxmayaq, məşğuliyyət axtarırıq. Hərdən “PlayStation” və kompüter oyunlarına vaxt ayırırıq. Çalışırıq ki, “paslanmayaq”, vaxtımızı mənalı keçirmək istəyirik.

 

Image may contain: Pərviz Musayev

 

- İdman mediası belə günlərdə necə görünür?
- Həmkarlarımı alqışlamaq istəyirəm. Belə vəziyyətdə çalışır, xəbər axtarırlar. İdman olmayan dönəmdə maraqlı məqam tapıb, oxucunu xəbərlə təmin etməyə çalışırlar. Kifayət qədər də yaxşı alınır. Xəbər bolluğunda seçim imkanı olur və reytinq qazandırana üstünlük verilir. İndi isə bütün xəbərlərə ehtiyac var. Tamaşaçı və oxucu xəbərə acdır. UEFA-nın və digər qurumların qərarları izlənilir. Belə çətin vəziyyətdə həmkarlarıma səbir arzu edirəm. Ümid edək ki, hər şey yoluna düşəcək və xəbər bolluğuna qayıdacağıq.
 
- Ölkəmizdə şərhçiliyin səviyyəsi barədə nə deyə bilərsiniz? Xarici şərhçilərlə müqayisə aparırsınız?
- Təbii ki, burada futbol şərhçiliyindən söhbət gedir. “İdman” və “CBC Sport” kanallarında daha çox futbol oyunları yayımlanır. Məncə, ölkəmizdə şərhçiliyin səviyyəsi kifayət qədər yaxşıdır. 30-a yaxın idman şərhçisi var. Onların arasında kifayət qədər təcrübəli olanlar var. Tamaşaçılar müxtəlif fikirlərə malikdir və zövqlər müxtəlifdir. Bir şərhçini 5 nəfər bəyənir, 2 nəfər bəyənmir. Həmin 2 nəfər başqa şərhçini bəyənir. Bunu zövq məsələsinə bağlamaq lazımdır. Şərhçilər işlərinin yaxşı qarşılanmasını istəyir. Tamaşaçı kimi fikir bildirsəm, şərhçilərimiz kifayət qədər qənaətbəxşdir. Biz həm Rusiya, həm də Türkiyə şərhçiləri ilə ünsiyyətdəyik. Hər iki ölkənin idman kanallarını izləyirik. Müəyyən qədər tamaşaçıların nə istədiyini bilirik. Bir çoxu rus, bəziləri isə türk şərhçiləri xoşlayır. Demirəm ki, özümüzü onlara oxşadırıq. Ancaq tamaşaçının nə istədiyini müəyyənləşdirə bilirik. Ortaya keyfiyyətli iş qoymağa çalışırıq. Ölkəmizdə şərhçiliyin zəif olduğunu deyən şəxslərlə razılaşmıram. Onların fikrinə hörmətlə yanaşırıq. Gərək, tamaşaçılar da şərhçilərin fikrinə hörmətlə yanaşsın. Qarşılıqlı hörmət vacibdir. Çox istərdim ki, şərhçilərə qarşı təhqir olmasın, çünki bunu bəzən sosial şəbəkələrdə görmüşəm. Hamıya aid etmirəm, bəzən arzuolunmaz ifadələr olur. Haqlı tənqidlər normaldır, şəxsən mən bunu qəbul edib, həmin adama təşəkkür edirəm. Səhvi şərhçiyə çatdırmağın yolları var.
 
Image may contain: Pərviz Musayev
 
- Sizin üçün idman jurnalistikamızdakı müsbət və mənfi məqamlar hansıdır?
- Bunu mənfi hal kimi deməzdim, amma çatışmayan cəhətlər var. Bu gün bizdə futbol jurnalistikası daha öndədir. Bu da başadüşüləndir. Futbol daha çox diqqət mərkəzindədir. Daha yaxşı olardı ki, digər idman növlərini dərindən bilən jurnalistlərimiz daha çox olardı. İdman tək futboldan ibarət deyil. Yaxşı nəticələr qazandığımız boks, güləş, cüdo, sambo və digər idman növlərini bilən jurnalistlərin çoxluğu müsbət məqam olardı. Futbolla bağlı kifayət qədər təhlili yazılar var. Amma digər idman növlərini təhlil edib, yazan jurnalistlər çox azdır. Təəssüf ki, idman jurnalistikası maddi baxımdan yaxşı vəziyyətdə deyil. Bu barədə kifayət qədər danışılıb. İdman jurnalistikasının durumunu bilirik. Bunun da səbəbləri çoxdur. Arzu edərdim ki, idman jurnalistləri bu sahədə özlərini tam dolandıra bilsin. Sözüm pis çıxmasın, maddi cəhətdən federasiya və klublardan asılılığın olmasını istəməzdim. Ümumi mətbuatın problemləri idman jurnalistikasına da təsir edir.
 
- Hansı sahəyə görə jurnalistikadan getməyi düşünərsiniz?
42 yaşım var və 20 ildən artıqdır ki, bu işdəyəm. Jurnalistika kifayət qədər mənə doğmadır. Konkret hansısa sahənin adını çəkməzdim. İşləyə biləcəyim sahə üzrə yaxşı təklif gələrsə, jurnalistikadan getməyi düşünərəm. Yəqin ki, istənilən şəxs yaxşı təklif gələndə işini dəyişə bilər. Bu da normal haldır.
 
- Şərh etdiyiniz oyunlardan indiyə qədər unutmayacağınız hansılardır?
- 2004-cü ildən futbol şərhçiliyinə başladım. Yaddaşımdan silinməyəcək oyun 2010-cu ildə baş tutub. Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının 1/4 finalında Uruqvay – Qana matçını şərh etmişdim. Həmin dönəm mundialı “Lider” kanalı yayımlayırdı. Dramatik keçən qarşılaşmada Luis Suares topu əllə qapıdan çıxardı, təyin edilən penaltini isə Asamoa Qyan qeyri-dəqiq vurdu və oyun penaltilər seriyasına getdi. Həmişə söhbət düşəndə bu matçı xatırlayıram. Şərh etdiyim oyunlarda belə dramatik matç olmamışdı. Unutmayacağım qarşılaşma budur.
 
Image may contain: 2 people, including Pərviz Musayev
 
- Bəyəndiyiniz təcrübəli şərhçilər kimlərdir və yeni gələn nəsildə kimləri fərqləndirərdiniz?
- Mənim üçün hamısı əzizdir və hər biri ilə yaxşı münasibətim var. Ad çəkməyəcəm. Əgər bir oyun Türkiyə və Rusiya kanalları ilə yanaşı, Azərbaycanda da yayımlanırsa, mən öz şərhçilərimizin təqdimatında tamaşa edirəm. Fərqi yoxdur, “CBC Sport”, ya da “İdman” kanalı. Mənim üçün şərhçilərimiz əziz insanlardır.
 
- Şərh zamanı çətin vəziyyətlərlə üzləşmisiniz? Olubsa, problemi necə çözmüsünüz?
- 2010-cu ildə “Qəbələ”nin ev oyunları “Lider”də yayımlanırdı. Komandanın MOİK-lə matçında şərhdə idim. “Hərbçilər”in futbolçusu Nicat Tağıyev “Qəbələ”nin qapıçısı Pavel Doroşevlə toqquşmadan sonra yerdə qalmışdı. Təsəvvür edin, şok keçirtmişdim. “Futbolçunu həyata qaytarmaq mümkün olmasa, nə baş verəcək?”, - deyə öz-özümə düşünürdüm. 10 dəqiqədən çox fasilə yarandı. İnsan can hayındadır, həkimlər futbolçunu həyatda saxlamağa çalışırdılar. O hadisə yaddaşımdan silinməyəcək. Xoşagəlməz an kimi yadımdadır. O hadisə mənə şok yaşatmışdı. İnsan gözünün qarşında sağ qalmağa çalışır və sən çarəsiz izləyirsən. Heç bir şərhçiyə belə vəziyyətlə üzləşməyi arzulamıram. O oyunu necə şərh etdim, necə bitirdim, xatırlamıram. AFFA nümayəndəsi Ramiz Abdullayev matçın davam etdirilməsinə qərar verdi, amma MOİK futbolçuları oynamaq istəmirdi. “Qəbələ”nin baş məşqçisi Toni Adams texniki məğlubiyyəti qəbul etdiklərini və matçın dayandırılmasını istəmişdi. Ancaq oyun davam etdi və bu matçı necə şərh etdiyimi xatırlaya bilmirəm.
 
- Şərhə maraq qatmaq üçün futbol oyunlarına pul qoyuluşu etmisiniz?
- Ətrafım və yaxınlarım bilir ki, mərc oyunlarından uzağam. Kim bunu edirsə, şəxsi işidir. Kiməsə qiymət verməkdən uzağam. İdman yarışlarına pul qoyuluşu etməmişəm və özümdən əminəm ki etməyəcəyəm.
 
- Ölkə xaricində hansı klublara simpatiyanız var?
- “Qalatasaray” və “Arsenal”ın uzun illər azarkeşiyəm. Bu 2 komandanın çıxışı məni daha çox maraqlandırır.
 
Image may contain: 2 people, including Pərviz Musayev, people smiling, stadium
 
- Bəzi ölkələrdə şərhçi məktəbi var. Azərbaycanda bunu yaratmaq mümkündür?
- Yaxşı hal olardı. İstənilən halda, bu iş kanallarda gedir. Televiziyada şərhçiliyə götürülən şəxs ilk günlərdə od-alovun içinə atılmır. Müəyyən qədər təcrübə toplayırlar, şərhə tək başlamırlar. Özüm də bu prosesləri keçmişəm. 2004-cü ildə şərhə başlamışam. “Xəzər Universiteti” həmin dönəm İntertoto kubokunda Avstriyanın “Kazino” klubunu qəbul edirdi. O qarşılaşma şərh etdiyim ilk matç olub. Ondan əvvəl digər idman növlərini şərh etmişdim, amma bu, ilk futbol matçım idim. Şərhə böyük təcrübəyə malik olan Rövşən Binnətli ilə başlamışdım. Şərhçilik məktəbi olsaydı, yaxşı hal kimi qiymətləndirilərdi. Ancaq kanallarda bu proseslər gedir.






Xəbər news