"Qəbələ" klubunun sabiq futbolçusu Sergey Zenyov Polşa "Krakoviya"sından kənarlaşdırılıb.
Corner.az-ın "Report"a istinadən məlumatına görə, estoniyalı hücumçu komandasının qış toplanışında iştirak etməyib. Baş məşqçi Mixal Probej ona və xorvatiyalı Antonini Çelinaya özlərinə yeni klub tapmalarını tövsiyə edib.
"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanu isə Rumıniya "Konkordiya"sından istefa verib. Buna komandanın uğursuzluq zolağından çıxa bilməməsi səbəb olub. Onun 2018-ci ilin sentyabrında baş məşqçi təyin olunduğu klub hazırda turnir cədvəlində 17 xalla sondan əvvəlki - 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Sergey Zenyov "Krakoviya"ya 2017-ci ilin iyununda keçib. O, ümumilikdə 41 oyuna 5 qol vurub. Bu mövsümün ilk yarısında Zenyov 12 qarşılaşmada cəmi 1 dəfə fərqlənə bilib.
Futbolçu kimi Rumıniya yığmasında hamıdan çox - 134 dəfə çıxış etmiş Dorinel Muntyanu məşqçilik karyerası ərzində alkoqol asılılığından qurtula bilməyib. Getdiyi komandaların əksəriyyətində uğursuzluqla üzləşən 51 yaşlı mütəxəssis "Qəbələ"də cəmi 5 ay çalışa bilib. O, 2014-cü il iyunun 14-də təyin olunduğu komandanı zəif nəticələrlə əlaqədar dekabrın 9-da tərk edib.