22 noyabr 2024. Cümə

UEFA Hakimlər Komitəsinin üzvü: “Əliyar Ağayevin hər bir uğuru ilə fəxr edirəm” - MÜSAHİBƏ


UEFA Hakimlər Komitəsinin üzvü: “Əliyar Ağayevin hər bir uğuru ilə fəxr edirəm” - MÜSAHİBƏ

 Azərbaycan hakimlərinin Mingəçevirdəki təlim-məşq toplanışında məsləhətçi qismində iştirak etmiş UEFA Hakimlər Komitəsinin üzvü, yunanıstanlı sabiq FIFA referisi Kiros Vassarasın “Report”un Şirvan bürosuna eksklüziv müsahibəsi...

- Toplanışın indiyəqədərki mərhələsi sizdə hansı təəssüratlar oyatdı və ümumi məqsədlərinizlə əldə olunmuş ilkin nəticələr üst-üstə düşdümü?

- Bir şey dəqiqdir: Burada çox böyük işlər görülür. Təbii ki, bu işlərin hamısı oyunları idarə edən hakimlərin inkişafı üçündür. Bildirmək istərdim ki, təşkilatçılıq baxımından iştirakçı hakimlərə konkret təlimatlar verilib. Təlim proqramına uyğun olaraq, hakimlər komanda şəklində hazırlaşırlar. Seminarın ümumi gedişatı və müşahidələrimiz söyləməyə əsas verir ki, nəzəri və fizki hazırlıq baxımından hər şey peşəkar səviyyədə həyata keçirilir. Şübhəsiz ki, təlimatlar və tövsiyələr onların nəzəri biliklərinin və praktik bacarıqlarının inkişafında yeni dinamika yaradacaq. Bu gün çəkilən zəhmətin gələcəkdə oyunların idarə edilməsi və ümumi inkişaf prosesində bəhrəsini verəcəyinə inanıram. Burada nəyi görürəm? Onu görürəm ki, hakimlər inkişaf etmək üçün susayırlar. Əminəm ki, yayda artıq hər şey, yəni nəticələr göz qabağında olacaq. Eyni zamanda onu görürəm ki, onlar özlərini tam təhlükəsizlik şəraitdə hiss edir, yüksək səviyyəli hakim olmaq üçün əllərindən gələni ortaya qoyurlar.

- Təlimlərdə Azərbaycanı beynəlxalq arenada I kateqoriyalı hakim kimi təmsil edən Əliyar Ağayev də yer alıb. O, sizdə hansı qənaət yaradıb və AVRO-2020-nin final mərhələsinin oyunlarına təyinat almaq şansı varmı?

- UEFA Hakimlər Komitəsindəki həmkarlarımın adından demək istərdim ki, biz elit kateqoriyada Azərbaycandan olan hakimləri görmək istəyirik. Əliyar Ağayevə gəlincə, onu yenicə tanımıram. Hətta 19 yaşadək futbolçular arasında Almaniyada keçirilmiş Avropa çempionatının final oyununda onun inspektoru olmuşam. Yəni, beynəlxalq arenada hakimliyə başladığı ilk günlərdən fəaliyyətinə bələdəm. Bəli, bu gün o, Azərbaycan hakimlik məktəbini beynəlxalq arenada təmsil edir. Etiraf edim ki, Əliyarın hər bir uğuru ilə fəxr edirəm. Çünki o, yüksək səviyyəli hakim kimi yetişmək üçün əlindən gələn hər şeyi edir. Bundan sonrakı karyerası da özündən asılıdır. Hazırlıq prosesinə əvvəlkindən bir qədər də artıq diqqət yetirsə və daha canfəşanlıqla çalışsa, əminəm ki, növbəti yüksək hakimlik mərhələsinə yetişəcək.

- Təcrübəli mütəxəssis kimi təlimlərdə azərbaycanlı hakimlərdə avropalı hakimlərlə müqayisədə hansı fərqli müsbət, yaxud mənfi tendensiyaları müşahidə etdiniz?

- AFFA ilə UEFA arasında əlaqələrin yarandığı və Azərbaycanla işlədiyimiz müddətdən bəri bəri əsas məqsədimiz Azərbaycan hakimliyini gücləndirməkdən ibarətdir. İstəyirik ki, tərtib etdiyimiz hazırlıq planı və proqramı ilə azərbaycanlı həmkarlarımızı Avropa hakimləri səviyyəsinə çatdıra bilək. Bu, elə də asan iş deyil. Çünki bu işə yeni qədəm qoymuşuq. Əminəm ki, burada gündən-günə, ildən-ilə fərqli hakimlik, daha doğrusu, daha yaxşı hakimlik görəcəyik.

- Hakimlik etdiyiniz vaxt iki dəfə Azərbaycana səfər etmisiniz: 1999-cu ildə Azərbaycan - Slovakiya, 2002-ci ildə isə Azərbaycan - İtaliya matçlarını idarə etmisiniz. Bəs UEFA Hakimlər Komitəsinin üzvü kimi səfərləriniz sizdə hansı təəssüratlar oyatdı və o illərdən bəri Azərbaycan çoxmu dəyişib?

- Çox böyük dəyişiklik gördüm. Təzə-təzə bura düşəndə mənə elə gəldi ki, tam başqa ölkəyə gəlmişəm. Hətta Bakını gəzib dolaşarkən çox istədim ki, ötən dövrlə hər hansı oxşarlıqlar tapım, amma tapa bilmədim. Yəni, hər şey dəyişib: şəhərlər, küçələr, yollar, bütün ölkə. Açığı, çox böyük dəyişikliklər var. Eyni zamanda çox şadam ki, AFFA bu gün futbolun, o cümlədən, futbol hakimliyinin inkişafına çox böyük diqqət göstərir, dəstək verir, iri həcmli sərmayələr yatırır. Bu, çox gözəl haldır. Təbii ki, belə olan halda hər şey daha yaxşı olacaq. Doğrudan da AFFA ilə UEFA arasında böyük əməkdaşlıq var, birgə səmərəli işləyirlər. İnanıram ki, bu əməkdaşlıq Azərbaycan futboluna öz faydasını verəcək.

- Hakimlik karyeranızda bir sıra unudulmaz məqamlar var. Məsələn, köməkçi hakimlərinizdən birinin testdən keçə bilməməsi səbəbindən 2006-cı il dünya çempionatının final mərhələsindən kənarda qalmısınız. Dərslərinizdə köməkçi hakimlərə baş hakimlərə daim dəstək olmaları ilə bağlı xəbərdarlıq etdiniz?

- Bəli, dünya çempionatını qeyd etdiyiniz səbəbdən buraxdım. Amma mən dayanmadım, işləməyə davam etdim. Fantastik, çox mükəmməl idi ki, karyeramda iki dünya çempionatı şansım oldu. Sonuncuda da demək olar ki, öncədən seçilmişdim. Burada davam etmək üçün yalnız bir yol vardı: Köməkçi hakimlərin fitnes testi verməsi. Çox böyük dərs idi: həm yunanıstanlı hakimlər, həm də federasiya üçün. Qısaca olaraq belə deyərdim ki, bu, hakimlik karyeramda pis an idi. Mən iki dəfə seçilsəm də, yalnız bir dəfə iştirak edə bildim. Burada hansı mövzularda təlimatlar verdiyimiz aydındır. İstənilən inkişaf komanda işinin üzərində qurulub. Bu seminarda da hakimlərə komanda olaraq, işləməyin və qalib gəlməyin lazım olduğunu bildirdik. Hazırda onların bütün variantları var ki, seçdikləri insanlarla birgə çalışa bilsinlər. Hazırlıq prosesi hamı üçün eyni səviyyədədir. Eyni səviyyədə şəxsiyyət və qətiyyətlilikləri olmalıdır. Bu halda qarşıya qoyulan məqsədlərə çata bilərlər.  

- "Qarabağ" əlavə köməkçi hakimin yanlış mövqeyi üzündən 5 il əvvəl Avropa Liqasının qrup mərhələsini adlaya bilmədi. Bu mənada necə hesab edirsiniz: VAR sistemi daha önəmlidir, yoxsa əlavə köməkçi hakimlərin saxlanılması?

- İlk olaraq, belə deyim: "Qarabağ"ın keçirdiyi bir oyun haqqında konkret mülahizə yürütməyim düzgün olmaz. Həm də hər iki sistemi müqayisə etməklə. Təbii ki, həm köməkçi hakimlər, həm də VAR sistemi barədə öz fikrim var. Sistemlərdən asılı olmayaraq, hər birini insan beyni düşünüb tapıb. UEFA-nın hakimliklə bağlı birinci işi və məqsədi meydanda baş verən səhvlərin azaldılması yönündə addımlar atmaqdır. Söhbət hər bir oyunda baş verən səhvlərdən gedir. Tətbiq etməyə başlayacağımız VAR sistemi köməkçi hakimlərlə eyni işi görür, onların işini örtür. Bayaq dediyim kimi, oyunda baş verəcək ən böyük səhv, ən böyük qayda pozuntusu çox vacib an ola bilər. VAR məhz onun qarşısının alınması üçün nəzərdə tutulur. Bu sitemdən yararlanan qurumlar və ölkələr daim ən mütərəqqi yeniliklərin tətbiqində maraqlı olmalıdırlar ki, haqqında danışdığımız problemlərlə üzləşməsinlər. "Futbolda səhv olmur" deyə bir anlayış yoxdur. Bu sistemin işi ondan ibarətdir ki, meydanda bir oyunda müəyyən edilə bilməyən səhvləri üzə çıxarmaq mümkün olsun və onlar aradan qaldırılısın. Bu, elə bir sistemdir ki, külli miqdarda sərmayə tələb edir. Hansı ki, bir çox ölkənin bu sərmayəni yatırmağa imkanı yoxdur. Amma bir şey dəqiqdir: VAR-ın çox köməyi dəyir. Hakimlik yalnız meydanda yaxşı komanda işinə əsaslanır. Bu, o demək deyil ki, hakimliyə münasibətimiz dəyişəcək. Əksinə, biz hakimlərə verdiyimiz təhsili azltmayacağıq. Bu dəstəyi hər zamankından da çox edəcəyik ki, meydanda daha ehtiyatlı və bilici davransınlar. Statistikaya nəzər yetirərəkən, VAR sistemindən nə qədər istifadə olunduğunu görmək olar. Əlbəttə, az istifadə edirik. Amma konkret oyunların qırılma anı ola bilir ki, sistem bizə o səhvlərdən qorunmağa yardım, komandaya isə kömək etsin.

- Dünyanın müxtəlif ölkələrində matçlar idarə etmisiniz, yaxud beynəlxalq tədbirlərə qatılmısınız. Hər bir səfər güman ki, xatirinizdə unudulmaz iz buraxıb. Bəs Mingəçevir səfəri sizin üçün konkret olaraq nə ilə əlamətdar oldu?

- (gülür) Açığı, gözləmədiyim sual oldu. Çox şadam və deməliyəm ki, Mingəçevir doğrudan da çox gözəl şəhərdir. Təlim-məşq toplanışı üçün ərazi seçimi də vacib məqamlardan biridir. Düzdür, şəhəri gəzmək üçün o qədər də vaxtımız olmayıb. Çünki biz bura işləmək üçün gəlmişik. Buna baxmayaraq, işdən vaxt ayırıb müəyyən yerləri dolaşmaq, qısa fasilədən yararlanmaqla pəncərə önündən çay mənzərəsini seyr etməyin özü də qəlbimizdə mənalı istirahət və xoş təəssürat yaradır.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir