- Xəbər news
- 22:34 14.11.2024
“Neftçi” ilə “Buraspor” arasında qardaşlıq və starateji əməkdaşlıq müqaviləsi imzalanıb.
Corner.az-ın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun bazasında keçirilən imza mərasimində “ağ-qaralar”ın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev, Superliqa təmsilçisinin prezidenti Əli Ay və vitse-prezident Cem Öztürk iştirak ediblər.
“Neftçi” ilə gələcək iş birliyi haqda təəssüratlarını bölüşən Ə.Ay bütün sahələrdə əməkdaşlıq edəcəklərini bildirib: “Neftçi” Azərbaycan futbolunun köklü və çempion klubudur. Bir müddətdir onlarla bu əməkdaşlığı müzakirə edirdik. “Fənərbaxça” ilə oyunda qonağımız oldular. Stadionumuz, xüsusilə də “Goldsit 1963” tribunamızı çox bəyəndilər. Sadəcə, idman deyil, bir müəssisə kimi, hər sahədə əməkdaşlıq edəcəyik. Reklam, marketinq, media, mağaza və skout məsələlərində fikir mübadiləsi aparıb, ortaq layihələr gerçəkləşdirəcəyik. İş birliyimizin xeyirli olmasını arzulayıram. Bu arada Cem Öztürkə də təşəkkür edirəm. Öz işi ilə bağlı Azərbaycanda olarkən Kamran Quliyevlə tanış olub və belə bir əməkdaşlığın ərsəyə gəlməsində yaxından iştirak edib. İnanıram ki, çox gözəl şeylər olacaq. Bir-birimizə faydamız dəyəcək”.
Mərasimdə çıxış edən “Neftçi”nin prezidenti Kamran Quliyev isə “Bursaspor”dan nümunə götürməli çox şey olduğunu bildirib: “Bizim üçün qürürverici bir andır. Belə bir klubda sizlərlə bir yerdə olmaqdan məmnunuq. Əli bəyə, Cem bəyə, bütün idarə heyətinə təşəkkürümü bildirmək istəyirəm. Qardaş ölkədən gəlmişik. Azərbaycanın ən böyük, tarixin ən qədim klubuyuq. Sovet İttifaqı dağıldıqdan sonra 8 dəfə çempionluq yaşamış bir komandayıq. Sizlərlə birlikdə olmaq bizim üçün çox xoş və sevinclidir. Dünən “Fənərbaxça” ilə oyununuzu izlədik. Bəxtiniz gətirmədi. Mötəşəm stadionunuz, özəl klubunuz və azarkeşləriniz var. Sizdən nümunə götürməli çox şey var. Əli bəyə çox təşəkkür edirəm. Biim əlaqələrimiz davam edəcək. Gələcəkdə ortaq işlərimiz olacaq. Biz də sizi Bakıda görmək istəyirik”.(qol.az)