25 mart 2026. Çərşənbə

Gənclərin inkişafı Prezident İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir


Gənclərin inkişafı Prezident İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir

Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin iştirakı ilə nazirliyin “Facebook”dakı rəsmi səhifəsində növbəti onlayn görüş keçirilib.

Corner.az xəbər verir ki, görüşə ictimaiyyətin nümayəndələri, gənclər, o cümlədən region gəncləri və könüllülər qoşulublar.

İntiqam Babayev bildirib ki, nazirlik gənclərin müxtəlif qruplarına, onların maraq dairəsinə yönəlmiş fəaliyyətini davam etdirir. Azərbaycanda gənclər siyasətinin əsas hədəfi ölkə gənclərinin hərtərəfli inkişafını təmin etməkdir. Bununla bağlı dövlət tərəfindən ardıcıl siyasət həyata keçirilir. Gənclər siyasəti, onların inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Müstəqil dövlətin gənc nəslini formalaşdırmaq, gənclərin vətənpərvərlik tərbiyəsi, ictimai fəallığı, onların ölkədə gedən proseslərdə yaxından iştirakı, bacarıqlı, istedadlı gənclərə dəstək olmaq sahəsində müvafiq qanunvericilik bazası formalaşıb. Artıq bu istiqamətdə bir neçə dövlət proqramları icra olunub. Hazırda gənclərlə bağlı 2017-2021-ci illəri əhatə edən dövlət proqramı həyata keçirilir. Bundan başqa, dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə “Azərbaycan Gənclərinin İnkişafı Strategiyası” qəbul olunub. Bu strategiyanın əsas hədəfi gənclərimizin potensialını müasir dövrün tələbinə uyğun inkişaf etdirmək və həmin potensialdan ölkəmizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyini formalaşdırmaqdır. Strategiyada gənclərimizin bütün sosial qrupları hədəf olaraq əksini tapıb. Burada gənc alimlər, qaçqın və məcburi köçkün vəziyyətinə düşən, sağlamlıq imkanları məhdud gənclər, ictimai fəallar, yaradıcı gənclər və sair olmaqla 17 qrup hədəf göstərilib. Biz çalışırıq ki, gənclərin maraqlarını təmin edək və gənclər siyasətinin reallaşmasına müasir düşüncəli gənclərimizi cəlb edək. Gənclər siyasəti ilə bağlı bu günədək qəbul olunan qanun, strategiya, dövlət proqramları gənclərin iştirakı ilə hazırlanmış sənədlərdir.

Gənclər və İdman nazirinin müavini qeyd edib ki, bu 10 illik strategiyanın konkret zaman dövründə icrasını təmin etmək üçün tələbata uyğun, müvafiq digər normativ sənədlər qəbul olunur. Misal üçün 2017-2021-ci illəri əhatə edən “Azərbaycan gəncləri Dövlət Proqramı”nın müddəaları birbaşa qeyd olunan strategiyanın icrasına yönəlib. Strategiya istiqamətverici, əhatəli sənəddir. Dövlət proqramında daha konkret vəzifələr, aidiyyəti qurumlar qarşısında konkret hədəflər üzrə vəzifələr əksini tapıb.

Məlumat verilib ki, gənclər siyasətinin bir neçə istiqaməti var. Əsas istiqamətlərindən biri vətənpərvərlik tərbiyəsi, gənclərin yaradıcılığının inkişafı və elmə həvəsləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, sağlam, asudə vaxtın təşkilidir. Nazirlik tərəfindən gənclərin təşəbbüsləri ilə müxtəlif maraqlı layihələr icra olunub. Gənclər siyasətinin təməlində ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyi ilə bağlı olan arzuları, ümidləri əksini tapıb. Burada əsas hədəf müstəqil Azərbaycan dövlətinin sağlam, geniş dünyagörüşünə malik, mənəvi, fiziki sağlam, tarixi köklərinə bağlı olan gəncliyin yetişdirilməsidir. Artıq Ümummilli Liderin bu arzuları, ideyaları gerçəkləşib və Azərbaycanda yeni nəsil formalaşıb. Ölkədə gedən bütün proseslərdə gənclərimiz fəal iştirak edir. Gənclərimiz potensiallarını reallaşdırmağa, təşəbbüslər ortaya qoymağa çalışır, ideyalar gerçəkləşdirir. Gənclər və İdman Nazirliyi bu ideyaların reallaşdırılmasına dəstək olur.

Vurğulanıb ki, gənclərin inkişafı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir. Dövlətimizin başçısı gənclərlə keçirilən görüşlərdə onların mövqeyi, gəncləri narahat edən məsələlərlə maraqlanır. Prezident İlham Əliyev gənclərə ünvanlanan çıxışlarında gənclərin vətənpərvər, təşəbbüskar, vətənpərvərlər, yüksək intellektə, təhsilə və biliyə malik olmasını qeyd edib.

Onlayn görüşdə İntiqam Babayev gənclərin problemlərinin həll yolları, eləcə də qazandıqları nailiyyətlər və qarşıdakı hədəflərdən bəhs edib. O, gənclərin inkişafı istiqamətində icra olunan layihələr, gənclər evləri, gənclər mərkəzləri, gənclər təşkilatları ilə birgə keçirilən onlayn tədbirlər və sair məsələlər barədə məlumat verib.

Sonra nazir müavini gənclərin suallarını cavablandırıb, onlara tövsiyələrini verib







Xəbər news