- Xəbər news
- 22:34 14.11.2024
“Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib və əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq”.
Corner.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.
“Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir də demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik. Azərbaycan hərbi birləşmələrinin Ermənistan ərazisində heç bir hədəfi yoxdur, ancaq öz torpaqlarımızı işğalçılardan azad edəcəyik”, - Ali Baş Komandan əlavə edib.
Daha sonra Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə cəbhədəki vəziyyətlə bağlı məruzə edib. Nazir 7 kəndin düşməndən azad edildiyini bildirib.
Prezident İlham Əliyev kəndlərin azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”