29 noyabr 2024. Cümə

Gerye: Azərbaycan xalqı öz Vətəni uğrunda döyüşür


Gerye: Azərbaycan xalqı öz Vətəni uğrunda döyüşür

"Dünən pasport gəlib çıxdı. Vaxtında bilsəydim, Polşaya səfərlə bağlı problem olmayacaqdı. Amma hələ az da olsa, şans var. Bu gün viza ala bilsəm, "Legiya" ilə matça çatmaq olar".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Donald Gerye "sport.tvp.pl" saytına müsahibəsində UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, Varşava təmsilçisinin yerli çempionatdakı son matçının təxirə salınması rəqib üçün əlavə üstünlükdür: "Bu yaxınlarda Azərbaycan Premyer Liqası matçımızda heç-heçə etdik. Halbuki qələbəyə yaxın tərəf biz idik. Bilirəm ki, "Legiya" çempionatda son oyununa çıxmayıb. Buna görə də "Qarabağ"la görüşə hazırlaşmaq üçün daha çox vaxtı olub. Bu isə Polşa çempionunun yorğunluq səviyyəsini azaldır. Bizim isə istirahət etmək üçün çox vaxtımız yox idi. "Molde" ilə oyundan sonra Bakıya qayıtmalı və dərhal çempionatda oynamağa hazır olmalı idik".

Həyat yoldaşının Polşadan olduğunu xatırladan 31 yaşlı oyunçu tezliklə bu ölkənin pasportunu alacağını söyləyib: "Polşa mənim üçün doğma ölkədir, xanımım buralıdır. Polşa pasportu barədə düşünürəmmi? Məncə, tezliklə alacağam. "Visla"da keçirdiyim vaxtlar bir çox xoş xatirələri yada salır".

Azərbaycan və Polşa çempionatlarını müqayisə edən Gerye maraqlı fikirlər səsləndirib: "Ekstraklassada güclü futbolçu qıtlığı yoxdur, oyunlarda sürət yuxarı olur. Azərbaycan çempionatı isə pul üzərində qurulub. Məsələn, Krakov "Visla"sında futbolçulara ayda təqribən 5 000 ABŞ dolları ödəyirlər. Burada isə məbləğ böyükdür. Legionerlər aylıq 25-30 min ABŞ dolları qazanırlar. Azarkeş baxımından da üstünlük Polşa klublarındadır. Azərbaycanda insanlar stadiona əsasən avrokubok matçları zamanı gəlirlər. Klub Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsində çıxış edirsə, azarkeş sayı çox olur. Daxili yarışda isə say azalır. Polşada "Legiya" və "Lex"in matçlarında oynadığı rəqibdən asılı olmayaraq stadionda çoxlu azarkeş olur. Bu barədə Yakub Jezniçakla çox danışmışam".

Haiti millisinin üzvü 2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılaraq yenidən "Qarabağ"a qayıtmasının səbəbini açıqlayıb: "Baş məşqçi transferimdə israr etdiyi üçün "Qarabağ"a qayıtdım. Bura mənim üçün yaxşı yerdir. Komandaya lazım olduğum üçün bu addımı atdım".

Futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı da fikirlərini bölüşüb: "O, hər şeydən öncə nizam-intizamı sevən mütəxəssisdir. Amma bu, Qurbanovun dahi insan olduğu və oyunçularını mümkün qədər başa düşmək istədiyi həqiqətini dəyişdirmir. Hər zaman onun köməyinə ehtiyacımız var. Qızım öləndə baş məşqçi mənə inanılmaz dəstək vermişdi. Çox yaxın olmuşuq. Bu, mənim üçün çox şey deməkdir. Oyunçunun problemi yaranarsa, o, asanlıqla Qurbanova yaxınlaşa və bu barədə danışa bilər".

Cəbhədə baş verən hadisələrə də toxunan Gerye komandasının azarkeşləri sevindirmək üçün mümkün olan hər şeyi edəcəyini söyləyib: "Komandama inanıram və ümid edirəm ki, mövsümün əvvəlindən bu yana ən yaxşı oyunumuzu göstərib Varşavada qalib gələcəyik. Ön xəttdə baş verənlərdən xəbərdarıq. İnsanlar ölür, Vətən uğrunda döyüşürlər. Oyunçular azarkeşləri sevindirmək üçün hər şeyi edəcəklər. Bu, şəhidlərin xatirəsinə də hörmət ola bilər".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir