- Xəbər news
- 22:34 14.11.2024
"Valideynlərim ləzgidir, amma mən Stavropolda doğulub böyümüşəm. 14 yaşına qədər yerli "Dinamo" komandasında oynadım, sonra "Rostov"un əvəzedici komandasına keçdim. Pulun dadını hiss etdikcə nizam-intizamla bağlı problemlər başladı və məni "Taqanroq"da oynamağa göndərdilər. Lakin nizam-intizamla bağlı məsələ orada da davam etdi".
Corner.az xəbər verir ki, bu fikirləri "Zirə" klubunun futbolçusu Ruslan Qurbanov "Sports.ru" saytına açıqlamasında deyib.
29 yaşlı hücumçu intizamsızlıq səbəbindən 16 yaşından 18 yaşına qədər az oynadığını söyləyib.
Azərbaycan yığmasının sabiq üzvü 2010-cu ildə "Neftçi"yə keçidindən də danışıb: "Komandanın keçmiş futbolçusu Rasim Abuşev yanıma gəldi və məni Bakıya dəvət etdi. İki seçimim var idi: ordu, ya da futbol. 13 saat maşınla getdik. Bakını görən kimi dərhal şəhərə aşiq oldum. "Neftçi" ilə 5 illik müqavilə imzaladım. O vaxtdan bəri Azərbaycanda yaşayıram".
Qurbanov Azərbaycanda əhalinin qonaqpərvər olduğunu bildirib: "Burada insanlar qonağı yaxşı qarşılayırlar. Köməyə ehtiyacınız varsa, yardımçı olurlar. Azərbaycanda həyat sakitdir. Ailələr axşam səssizcə gəzə bilirlər. Karyeramdan sonra ailəmlə birlikdə Bakıda yaşamağı düşünürəm".
Forvard Azərbaycanın cəbhədəki qələbəsindən də söz açıb: "Gecə atəşfəşanlıq səsi ilə oyandım və hər şeyi həmin vaxt öyrəndim. Pəncərəni açdım, gördüm ki, maçının yanında 25 nəfər rəqs edir. Televizoru açdım və prezidentin bunu elan etdiyini gördüm. Həmin günü şəhər yatmadı. İnsanlar komendant saatına baxmayaraq küçələrdə şənliklər təşkil etdilər. Hər kəs bayraqlarla 30 ildən sonra xəyal qurduqları anı qeyd edirdi. Müharibəyə görə Azərbaycanda milyondan çox qaçqın var. Cəbhəyə gedən könüllülər çox idi. Bunların arasında MMA döyüşçüləri, futbolçular da oldu. Xalq əsgərlərə çox kömək etdi, hərbi maşınları dayandırıb onlara su, qida və siqaret verirdilər".