- Xəbər news
- 22:34 14.11.2024
"Azərbaycan turizm blogerləri Assosiasıyası" İctimai Birliyi yaranıb.
Corner.az xəbər verir ki, bu haqda Assosiasiyanın sədri Azər Qərib məlumat yayıb. Onun sözlərinə görə, həmin təşəbbüs hələ Müharibədən əvvəl irəli sürülüb, lakin torpaqlarımızın işğaldan azad edilməsi bu prosesi sürətləndirib. "Biz hamımız bilirik ki, Azərbaycanın ən səfalı yerləri Qarabağda yerləşir və Qələbəmizdən sonra həmin yerlərin turizm potensialının yenidən dəyərləndirilməsi və təbliğ edilməsi çox vacib bir məsələ olacaq. Və Assosiasiya olaraq biz bu işdə bütün imkanlarımızdan istifadə edərək dövlətə dəstək verməyə hazırıq. Yeri gəlmişkən, hədəflərimizə qiymət verərək bizə dəstək olan Dövlət Turizm Agentliyinə və qeydiyyat məsələsinin tez bir zamanda həll edilməsinə görə Ədliyyə nazirliyinə öz təşəkkürümüzü bildirmək istərdik.
Birliyimizin İdarə heyətində təşkilatımızın baş katibi olan Fərid Novruzi, İradə Qədirova, Aysel Əlizadə, Rəna Kərimova, Qiyafət Xeyirxəbərli, Vyaçeslav Sapunov, Mir-Səməd Cəfərli, Azər İsmayıl və Baba Ağayev kimi ölkəmizin tanınmış səyahətçi simaları təmsil olunub. Bununla yanaşı, biz bütün səyahət həvəskarlarını, bu haqda KİV-lərdə yazan, bloq aparan, televiziya verilişləri hazırlayan, foto və video çəkənlərin hər birini Assosiasiyamızın üzvü kimi görməyə şad olardıq. Biz hər bir təşəbbüsə, hər bir ideyaya açığıq, bizim buna ehtiyacımız var və ümidvarıq ki, həm daxili, həm də xarici turizmın inkişafında öz töhvəmizi verə biləcəyik. Turizm iqtisadiyatın ən mühüm sahələrindən biridir və heç şübhəsiz, ən yaxın gələcəkdə bu sahə öz yeni inkişaf mərhələsini yaşayacaq. Eyni zamanda biz Azərbaycanın xaricdə təbliğinə də böyük önəm veririk. Artıq Beynalxaq turizm yazarları Assosiasiyası ilə (The International Travel Writers Alliance), beynəlxalq otellər şəbəkələri və xarici dövlətlərin turizm nümayəndəlikləri ilə də əlaqələr yaranıb. Çünki hədəflərimizdən biri də beynalxalq ictimaiyyətə yalnız artıq tanınan bölgələrimizi deyil, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı da bir turizm cənnəti kimi təqdim etməkdir” - deyərək Azər Qərib qeyd edib.
Assosiasiyanın facebook səhifəsi: https://www.facebook.com/TurizmBlogerleriAssosiasiyasi/