29 noyabr 2024. Cümə

Yurdundan didərgin düşmək heç kəsə asan gəlməsin


Yurdundan didərgin düşmək heç kəsə asan gəlməsin

Əziz Ələkbərli: “İnsanlar təbiətcə doğma yurdlarına yaxın ərazilərə can atırlar”
“Qarabağa köçmək üçün ərizə ilə müraciət edən Qərbi Azərbaycan qaçqınlarının sayı 10 mini ötüb”

Göyçə mahalı Basarkeçər rayonu (Vardenis rayonu) Nərimanlı kəndindən 1988-ci ildə qaçqın düşən 600-ə yaxın ailə Qarabağın işğaldan azad edilmiş Hadrut qəsəbəsinə köçmək istəyir. Bu barədə kənd sakinləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Vurğulanıb ki, 1988-ci il hadisələrində öz torpaqlarından çıxarılmış Nərimanlı kəndində o dövrdə 600 ailə olub, hazırda isə 1000 ailə civarındadır. Müraciətdə deyilib ki, hazırda kəndin insanları əsasən Bakı və Gəncədə məskunlaşsalar da, digər regionlara və xaricə səpələniblər:

“Cənab Prezident, Sizdən xahişimiz budur ki, dağ Qarabağın tezliklə məskunlaşması, dərin kökləri olan adət-ənənələrimizin itməməsi, insanlarımızın yadlaşmaması naminə 600-ə yaxın Nərimanlı ailəsinin Hadrut qəsəbəsində məskunlaşmasına sərəncam verəsiniz”.Məlumat üçün bildirək ki, sadəcə adıçəkilən Nərimanlı kəndindən qaçqın düşənlər deyil, tarixi torpaqlarımızın digər bölgələrindən qovulmuş azərbaycanlılar da Qarabağa köçlə bağlı müvafiq orqanlara müraciətlər ediblər. Müraciətlərlə bağlı “Şərq”in suallarını cavablandıran millət vəkili, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, əslində Qarabağa köçmək istəyən Qərbi Azərbaycan qaçqınlarının sayı on minlərlədir. 

 – Əziz müəllim, Göyçə mahalından olan qaçqınların işğaldan azad olunmuş torpaqlarımıza köçmək istəyinə münasibətiniz necədir? Bu istək nədən qaynaqlanır?

 – 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız qələbə öz möhtəşəmliyi ilə tariximizə qızıl hərflərlə yazıldı. Təkcə işğalçı ermənilər yox, bütün dünya hələ də Azərbaycanın bu tarixi qələbəsinin şokunu yaşayır. Bəlkə də heç kəs güman etmirdi ki, Azərbaycan 30 illik məğlubiyyətdən sonra belə bir güc ortaya qoyacaq, muzdlu döyüşçülərlə komplektləşdirilmiş, mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilmiş işğalçı ordunu darmadağın edəcək. Lakin Ali Baş Komandanın çağırışı ilə millət və dövlət olaraq bunu bacardıq. İndi torpaqlarımızın işğaldan azad edilməsinin yeni mərhələsinə qədəm qoymuşuq. Qısa vaxtda bütün ərazilər yaşayışa hazır vəziyyətə gətirilməli və məskunlaşdırılmalıdır. Bunu hamı, ilk növbədə məcburi köçkünlərimiz istəyir. 30 il evindən, yurdundan didərgin düşmək heç kəsə asan gəlməsin. Bu insanlar ötən müddət ərzində hər cür məhrumiyyətlərə məruz qalıblar, xüsusilə ilk illərdə vaqonlarda, çadır şəhərciklərində çətin həyat sürüblər. Doğrudur, zaman-zaman dövlətimiz bu insanların müasir qəsəbələrdə məskunlaşması, sosial təminatı üçün hər cür şərait yaradıb. Lakin dədə-baba ocağını heç nə ilə əvəz etmək olmaz və onlar bu gün doğma kəndlərinə qayıdacaqları günü həsrətlə gözləyirlər. Amma azad olunmuş kəndlər arasında təkcə azərbaycanlı kəndləri yox, son iki yüz ildə İrandan, Türkiyədən qaçıb gəlmiş və torpaqlarımızda yurd saldıqdan sonra xalqımıza qarşı xəyanət mövqeyi tutmuş, xüsusilə 1923-cü ildə bu ərazidə qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldıqdan sonra azərbaycanlıları qovub, onların evlərinə sahib çıxmış ermənilərin vaxtilə yaşadıqları kəndlər də var. 1988-ci ildə Ermənistandakı kəndlərindən qovulmuş Qərbi Azərbaycan qaçqınları bu gün Qarabağdakı həmin “erməni” kənd və qəsəbələrinə köçüb, onları abadlaşdırmaq niyyətindədir. Həmin yaşayış məntəqələrinə köçmək istəyənlərin çoxu o ərazilərə yaxın tarixi mahallarımızdan – Zəngəzurdan, Göyçədən və başqa bölgələrdən qovulmuş qaçqınlardır. Bu da normaldır, insanlar təbiətcə, iqlimcə doğma yurdlarına yaxın ərazilərə can atırlar. Göyçə mahalının Nərimanlı (keçmiş Hüseynquluağalı) kənd camaatının istəyi də bu qəbildəndir. Həm də nərimanlılar tək deyillər, son bir ayda Azərbaycan Qaçqınlar Cəmiyyətinə bu məqsədlə müraciət edən ailələrin sayı minlərlədir. Təkcə Pəmbək mahalının Arçut kəndindən 500 ailə, Göyçə mahalının Ağkilsə kəndindən 200 ailə, Zəngəzurun Qarakilsə (Sisian) rayonunun Şıxlar kəndindən 80 ailə müraciət edib. Qafandan, Dərələyəzdən, Vedidən, Amasiyadan, Zəngibasardan və bütün başqa rayonlardan yüzlərlə ailələr müraciət edib. 

 – Sizcə, bu təklif Qərbi Azərbaycan qaçqınlarının tarixi dədə-baba yurdlarına qayıtmaq ümidlərini üzmək anlamına gəlmirmi? 

– Qətiyyən. Bu gün də Qərbi Azərbaycan qaçqınları Azərbaycanın ən müxtəlif rayonlarında məskunlaşıblar. Amma bu, onların dədə-baba yurdlarına qayıtmaq ümidlərini itirməsi demək deyil. Əksinə, Qarabağa və işğaldan azad edilmiş kəndlərə qayıtmaq onları doğma yurda daha da yaxınlaşdıracaq. Təsəvvür edə bilmirəm ki, məsələn, Kəlbəcərdə dayanıb Göyçə gölünə tamaşa edən bir göyçəliyə hansısa qüvvə Göyçə gölünü unutdura bilər?! Amma çox gözəl təsəvvür edirəm ki, bu qaçqının övladı böyüyəndə o torpaqlara necə can atacaq. 1988-ci ilə qədər Şurnuxu kəndində yaşayan soydaşlarımız həmin il bu kənddən qovuldular. İndi Şurnuxu kəndi özümüzə qaytarılıb, belə olan surətdə şurnuxuluların bu kəndə qayıtmağı niyə normal qəbul edilməsin?! Başqa bir misal deyim, 1992-ci ilə qədər Dərələyəz qaçqınlarının böyük bir hissəsi Xocalıda, Şuşanın Malıbəyli və b. kəndlərində, Göyçənin Ağkilsə kənd qaçqınları Kəlbəcərin Suqovuşan kəndində məskunlaşmışdılar və işğal zamanı təkrar qaçqın düşdülər. İndi onlar həmin kəndlərə niyə qayıtmasınlar?

 – Qərbi azərbaycanlıların bu qayıdışda iştirakı necə təmin olunacaq? Məsələ ilə konkret hansı qurum məşğul olmalıdır? 

 – Təbii ki, bu məsələlər “Böyük Qayıdış”ın tərkib hissəsi kimi baş verəcək və bu işlə xüsusi dövlət qurumları, bəlkə də xüsusi Köçürmə Komissiyası məşğul olacaq. Amma əgər köçürülənlər arasında Qərbi Azərbaycan qaçqınları da olacaqsa, qaçqınların səlahiyyətli təşkilatı kimi, Azərbaycan Qaçqınlar Cəmiyyətinin də bu prosesdə iştirakı məqsədəuyğun olardı. Azərbaycan Qaçqınlar Cəmiyyəti hazırda Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan yeganə rəsmi təşkilatdır. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşmaq istəyən Qərbi Azərbaycan qaçqınları ərizə ilə bizə müraciət edirlər. Bir daha bəyan edirəm ki, hazırda Qarabağa köçmək üçün Qaçqınlar Cəmiyyətinə ərizə ilə müraciət edən Qərbi Azərbaycan qaçqınlarının sayı 10 mini keçib və bu proses davam edir. Təbii ki, bu ərizələrin hər biri araşdırılacaq, müraciət edənlərin iş qabiliyyəti, ailə tərkibi, ixtisası nəzərə alınacaq. Bütün hallarda yekun qərarı müvafiq dövlət qurumları verəcək. 







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir