"Astana"dan ayrılıb, müqavilə ilə məxsus olduğu PAOK klubuna qayıdan Pedro Enrike Yunanıstan mətbuatına geniş müsahibə verib.
Corner.az xəbər verir ki, Saloniki təmsilçisinə dönüşündən danışan braziliyalı yarımmüdafiəçi "Qarabağ" və "Astana"dakı karyerasına da toxunub. 28 yaşlı futbolçu Azərbaycanda keçirdiyi mövsümün özü üçün daha faydalı olduğunu bildirib: "Son 2 ildə iki fərqli təcrübə yaşadım. "Qarabağ"da inanılmaz, fantastik mövsüm keçirdim. Bunu ona görə deyirəm ki, Çempionlar Liqasında oynadım. Azərbaycanda yaxşı təcrübə qazandım. "Astana"da isə hər şey fərqli oldu. Çünki komandada xaos var idi. Avropa liqasının oyunlarında daim əsas heyətdə meydana çıxırdım. Daxili çempionatda isə az oynadım. Klub rəhbərliyinin məntiqi ilə ölkə çempionatında yerlilər, avrokubok matçlarında isə əcnəbilər oynamalıdır. Buna baxmayaraq, "Astana"da oynamaq da mənim üçün yaxşı təcrübə oldu. Avroliqada pley-offa düşə bilmədik, amma yaxşı oyunlarımız oldu. İki fərqli təcrübə yaşadım. Amma Azərbaycandakı karyeram daha özəl idi".
Qeyd edək ki, Pedro 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. O, bu mövsümün ilk yarısında isə "Astana"da çıxış edib.(qol.az)