- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin üzvləri Qubanın Alekseyevka kəndində şəhid Ülvü Məmmədovun atası, idman jurnalisti Vüqar Məmmədovla görüşüblər.
Corner.az-ın məlumatına görə, görüşə şəhidin qardaşı Fərid Məmmədov, babası Ağamirzə Məmmədov və digər şəxslər qatılıb.
Əvvəlcə AİJF prezidenti Qabil Mehdiyev, vitse-prezident Mahir Rüstəmli, üzvlər Sənan Şəfizadə və Elşən Məmmədov, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, kənd ağsaqqalları, ziyalılar və jurnalistlər kənd qəbiristanlığında Ü.Məmmədovun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə federasiya adından əklil qoyulub, ruhuna dualar oxunub.
Ardından tədbir iştirakçıları kənd mərkəzində şəhidin plakatı qarşısında salınacaq bulaq-barelyeflə tanış olublar. Məlumat verilib ki, Alekseyevka kənd sakini olan Ülvü Məmmədov hələ Vətən müharibəsi başlamamışdan bir həftə öncə - 2020-ci il sentyabrın 21-dən təlimlərə qatılıb, daha sonra Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamları ilə dekabrın 15-də “Vətən uğrunda”, dekabrın 24-də isə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Kənd ağsaqqalları və ziyalılar sakinlərin imza toplayaraq, Alekseyevka adının dəyişdirilməsi və Ülvünün adına verilməsi xahişi ilə müvafiq qurumlara müraciət etdiklərini bildiriblər.
Daha sonra şəhidin ailə üzvləri qonaqları evinə dəvət edərək, Ü.Məmmədovla bağlı xatirələrini bölüşüblər. Şəhidin əmisi, AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov qardaşı Vüqar Məmmədovun "Futbol+" qəzeti, Sportnet.az və Komanda.az saytları ilə əməkdaşlıq etdiyini xatırladıb. O, eyni zamanda V.Məmmədovun bir müddət müxtəlif futbol liqalarında hakimlik etdiyini, AFFA-nın C kateqoriyalı məşqçi lisenziyasının sahibi kimi uşaq və qızlar komandalarını çalışdırdığını diqqətə çatdırıb.
Şəhidin ailəsinə başsağlığı verən AİJF prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev Ü.Məmmədovun xatirəsinə müxtəlif yarışlar keçirmək niyyətində olduqlarını bildirib. O, ilk belə tədbir kimi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin Quba rayon Gənclər və İdman İdarəsi ilə birgə fevralın 12-də məktəblilər arasında onlayn şahmat turniri təşkil edəcəklərini açıqlayıb.
Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev rayon rəhbərliyinin şəhid ailələrinə xüsusi diqqətlə yanaşdığını, rəhbərlik etdiyi qurumun da bu yöndə müxtəlif tədbirlərə start verdiyini söyləyib. O, Ülvü Məmmədov və digər şəhidlərin xatirəsinə müxtəlif turnirlər keçirməyi planlaşdırdıqlarını bildirib.
Göstərilən diqqətə görə təşəkkürünü bildirən şəhid Ülvü Məmmədovun ailə üzvləri AİJF-yə gələcək fəaliyyətində uğurlar arzulayıblar.