27 oktyabr 2024. Bazar günü

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanda Gənc Səfirlər axtarılır!


Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanda Gənc Səfirlər axtarılır!

2021-2023-cü illəri əhatə edəcək növbəti Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Gənc Səfirlərin seçim mərhələsinə başlanılıb.

DİM üzrə Gənc Səfirlər:
 

Gənc Səfirlərin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, yerli və milli səviyyədə atılan addımlar barədə əhalinin məlumatlandırılmasına və Milli Hesabatların hazırlanmasına töhfə verməkdir.
 

Gənc Səfirlər 14-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları arasından seçiləcək və 2 il müddətində fəaliyyət göstərəcəklər.
 

Gənc Səfirlərin sayı 17-dən çox ola bilməz: bir DİM üzrə yalnız 1 nəfər Gənc Səfir seçilə bilər.
 

Gənc Səfirlər könüllü əsaslarla fəaliyyət göstərəcəklər. Onların fəaliyyəti paytaxtı və Azərbaycanın müxtəlif regionlarını əhatə etməlidir.

Gənc Səfirlərin seçimi:

Ərizə qəbulu elan edildikdən və namizədlərin müraciətləri toplandıqdan sonra DİM üzrə Gənc Səfirlərin seçimi 2 mərhələdə həyata keçiriləcəkdir:
 

İlk olaraq işçi qrup nümayəndələri tərəfindən bütün müraciətlər araşdırılacaq və ilkin müsahibə keçirilərək namizədlərin qısa seçim siyahısı hazırlanacaqdır.
 

Daha sonra, Gənclər və İdman Nazirliyi, BMT İnkişaf Proqramı və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nümayəndlərindən ibarət heyət qısa seçim siyahısında olan namizədləri yekun müsahibə əsasında qiymətləndirib son seçim barədə qərar verəcək.

Seçilmiş DİM üzrə Gənc Səfirlərin fəaliyyəti layihə əməkdaşları tərəfindən əlaqələndiriləcək. Fəaliyyət müddətləri ərzində, DİM-lərin təbliği məqsədilə və tərəfdaşların dəstəyi ilə Gənc Səfirlərin kütləvi informasiya vasitələrində çıxışları, müxtəlif  müəssisələrdə təqdimatları və təlimləri, regional, milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirakı və digər uyğun tədbirlərdə iştirakı nəzərdə tutulur.

Hər bir Gənc Səfir üçün meyarlar, tələblər və fəaliyyət istiqamətləri haqqında dolğun məlumata sahib olmaq üçün keçiddəki info-saytdan ətraflı məlumat əldə edə bilərsiniz.
 
Müraciət üçün son tarix 2 mart 2021-ci il, Bakı vaxtı ilə 23.59-dur.

Əlavə məlumat:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndələyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Gənc Səfirlər təşəbbüsü irəli sürülmüşdür və 2018-ci ildə Azərbaycanda ilk dəfə olaraq DİM üzrə 17 Gənc Səfir seçilib.
 

2018-2020-ci illər ərzində 17 Gənc Səfir könüllü əsaslarla Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təbliğinə, DİM-lərə nail olmaq üçün gənclərin iştirakının təşviqinə, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına və ölkədə DİM-lərlə əlaqəli təşəbbüslərin həyata keçməsinə töhfə veriblər. Məhz onların fəaliyyətlərinin nəticəsi olaraq, Azərbaycanda yüzlərlə gənc DİM-lərdən xəbərdar olub və qlobal məqsədlər üçün hərəkətə keçib.
 

Təşəbbüsün uğurlu və effektiv nəticəsini nəzərə alaraq,  2021-2023-cü illəri əhatə edəcək növbəti DİM üzrə Gənc Səfirlərin seçim mərhələsinə başlayıb.

 

Layihə haqqında məlumat:
 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 iyul 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında 2014-cü il aprelin 1-də Bakı şəhərində imzalanmış Layihə Sənədi onun tərkib hissəsi hesab edilən Əlavələrlə birgə təsdiq edilib.
 

Layihənin əsas fəaliyyət istiqamətlərindən biri olaraq 28-30 oktyabr 2014-cü il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT Baş Katibinin Gənclər üzrə Elçisinin Ofisi, YUNESKO, BMT İnkişaf Proqramı və Avropa Şurasının təşkilatçılığı ilə Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum təşkil olunub.
 

Layihənin digər istiqaməti Azərbaycanda BMT Modelinin institutlaşdırılması olmuşdur. Bu istiqamət çərçivəsində 2015-2016-cı illərdə müxtəlif ali təhsil müəssisələrində BMT Modeli Klublarının əsası qoyulmuş, iki dəfə MilliMUN – BMT Modeli üzrə Milli Konfrans və 2 Yay Məktəbi keçirilmişdir. Həmçinin BMT Modeli Klubları tərəfindən də çoxsaylı konfranslar, təqdimat və təlimlər təşkil olunub.
 
Layihə hazırda 3 istiqamət üzrə fəaliyyət göstərir:

-   Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, DİM üzrə Gənc Səfirlərin seçilməsi və DİM üzrə Könüllü Milli Hesabatların hazırlanmasında gənclərin iştirakı


-   Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması


-   Azərbaycanda BMT Modeli hərəkatının möhkəmləndirilməsi və genişləndirilməsi

DİM üzrə Gənc Səfir üçün müraciət forması







Xəbər news