- Xəbər news
- 22:34 14.11.2024
"Hədəfimiz avrokuboklara getməkdir. Düzdü, kubokda da yolumuza davam edirik. Hər iki cəbhədə vuruşuruq. İnşallah məqsədimizə çatacağıq"
Corner.az xəbər verir ki, bu sözləri "Keşlə"nin yarımmüdafiəçisi Nicat Qurbanov deyib.
- Milli komandanın oyunları ilə bağlı ölkə çempionatında fasilə yarandı. Fasiləyə kimi "Keşlə"nin çıxışını necə dəyərləndirirsən?
- Açığı, Yunis müəllimlə az işlədim. Sənan müəllimin gəlişindən sonra komandada dirçəliş var. Oyunumuz pis getmir. Yaxşı çıxış edirik. Oyunumuzda irəliləyiş var. Çox adamlar da eyni fikri deyir. Bir var bəhanə edəsən. Amma həqiqətdir ki, şanssızlıq yaşayırıq. Özünüz də oyunlara baxırsınız. Çox qol epizodlarımız olur. Hətta boş qapıya vura bilmədiyimiz epizodlar olub. Bunu bəxtə bağlayardım. Əlimizdən gələnin ən yaxşısını edirik.
- Özün qeyd etdiyin kimi əksəriyyət də uğursuzluğunuzu şanssızlığa bağlayır. Bəlkə, düzəltməli olduğunuz başqa nələrsən var?
- Futbolda kiçik detallar olur. Həmin kiçik detallar da böyük əhəmiyyət daşıyır. Onun da üzərində işləmək lazımdır ki, nəticə qazana biləsən. Sənan müəllim o detalları bizdən yaxşı bilir. Hər məşqdə bunları bizə başa salır. Oyundan oyuna səhvlərimiz azalır. Son nöqtəni qoymaq lazımdır ki, qələbə qazanaq və komanda da inam artsın.
- Öz çıxışını necə qiymətləndirirsən?
- Sənan müəllim gələndən sonra 3 görüş əsas heyətdə çıxış elədim. Son iki oyun ehtiyatda olmuşam. Məşqçinin verdiyi qərarlara hörmətlə yanaşıram. Çalışacam məşqçimizin güvənin qazanım və əsas heyətdə yerimi möhkəmləndirim.
- Yaranmış fasiləni "Keşlə" üçün faydalı saymaq olar?
- Ümumiyyətlə, düşünürəm ki, fasilələr hər zaman komandanın xeyrinə olur. Çünki oyun yükləmələrindən sonra belə fasilə lazımdır. Sənan müəllim komandaya yeni gəldiyi üçün öz istədiyini bir az da bizə aşılamalıdır. Düşünürəm ki, xeyrimizə olacaq.
- Fasilənin xeyrimizə olacağını dedin. Qarşıdakı 8 görüşdə hansı nəticə sizin üçün xeyr sayılacaq?
- Hədəfimiz avrokuboklara getməkdir. Düzdü, kubokda da yolumuza davam edirik. Hər iki cəbhədə vuruşuruq. İnşallah məqsədimizə çatacağıq. Oyunlarımız ümid verir ki, qabağa gedə bilərik.
- Seçim şansı olsaydı hansı cəbhəni seçərdin?
- Hazırkı məqamda həm ölkə kuboku, həm də çempionat vacibdir. Çünki kubokda da yarımfinaldayıq. Avrokuboklara ən qısa yol kubokdan keçir. İnşallah kuboku qazansaq, bu həm kubok qazanmaq, həm də avrokuboklara getmək baxımından yaxşı olardı.
- Milli komandanın Portuqalıya və Serbiya ilə oyunları üçün açıqlanan heyət müəyyən müzakirələrə yol açdı. Səncə, çağırılmağa layiq olub, amma kənarda qalanlar oldumu?
- Baş məşqçinin seçimidir. Mən futbolçuyam, buna fikir bildirməyim doğru olmazdı. Çünki nəsə deyərəm, kiminsə xoşuna gəlməz və ya başqa cür başa düşülər. Suala cavab verməsəm daha yaxşı olar.
- Yaxın gələcəkdə özünün milli komandaya çağırılmaq şanslarını necə qiymətləndirirsən?
- Oynadığım müddətdə şans hər zaman var. Əsas heyətdə davamlı oynasam dəvət gözləyərəm. Amma əsas klubda öz işlərimi yoluna qoymalıyam. Çünki milliyə düşmək üçün klubda yaxşı nəticə verməlisən.
- Portuqaliya və Serbiya ilə oyunalarda Azərbaycan millisinin xal və ya xallar qazanmaq şansı nə qədərdi?
- Bu gün heç kim özünü aldatmalı deyil. Çətin olacaq. Demirəm ki, komanda çıxıb məğlub olmalıdır. Amma istək olan yerdə hər zaman surpiriz nəticələr olur. Milli komandamıza hər zaman inanıram. İnşallah yaxşı olacaq.(sportinfo)