27 oktyabr 2024. Bazar günü

Prezidentimiz hər addımı ilə vətəndaşının yanındadır – DEPUTAT


Prezidentimiz hər addımı ilə vətəndaşının yanındadır – DEPUTAT

“Prezident İlham Əliyevin növbəti əfv Sərəncamı Azərbaycan tarixi üçün çox mühüm bir dövrə təsadüf edir. Bu Sərəncam millətimiz üçün iki böyük Bayramın arasında imzalanıb – biri 44 günlük Vətən müharibəsi nəticəsində tariximizə qızıl hərflərlə yazılmış Zəfər Bayramı, digəri minillərin sınaqlarından keçib gəlmiş Novruz Bayramı! Möhtərəm Prezidentimizin 625 nəfər məhbusa şamil edilmiş bu Əfv sərəncamı təkcə 625 nəfərə sevinc bəxş etmədi, həm də on minlərlə insanın bayramına sevinc qatdı”.

Corner.az xəbər verir ki, bu sözləri millət vəkili Əziz Ələkbərli deyib.

Ölkə başçısı İlham Əliyevin 18 martda imzaladığı əfv sərəncamını şərh edən depuatın fikrincə, hər şəxs bir ailəni, bir nəsli təmsil edir: “Onun sevincindən onlarla insana pay düşür. Amma əsas odur ki, cənab Prezident hər sözü, hər addımı, hər qərarı, fərmanı, sərəncamı ilə vətəndaşının yanında olduğunu təsdiqləyir. Sonuncu Əfv sərəncamı da bunun növbəti əyani sübutudur. Şübhə etmirəm ki, təkcə azadlığa çıxan məhbuslar yox, bütün xalq bunu lazımınca dəyərləndirəcəkdir. Hər kəs daim yadında saxlamalıdır ki, biz qalib millətin nümayəndələri, qalib ölkənin, qalib dövlətin vətəndaşlarıyıq. Bizim 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi naminə bütün risqləri göz önünə alaraq az qala bütün dünyaya qarşı duran və bu qələbə sevincini bizə yaşadan Prezidentimiz var. Biz yaralı silahdaşını çiyninə alıb qayaları dırmaşan, şəhid olan, amma geri durmayan əsgərlər yetişdirən bir millətin övladlarıyıq. Biz düşmənə qarşı bir olmağı, birgə olmağı, dərdi də, sevinci də bir-birimizlə paylaşmağı bacaran bir millətin nümayəndələriyik. Bizə bizi həbsxanalara apara biləcək cinayətlər yaraşmır, tarixdə sözünü demiş, bu gün də deməkdə davam edən bir millətin övladlarına hər çətinliyin önündə qürurla dayanmaq, hər çətinliyin öhdəsindən ləyaqətlə gəlmək yaraşır. Bu məsələdə bir-birimizə dəstək olmağı da bacarmalıyıq. Fürsətdən istifadə edib, bütün millətimizi Novruz Bayramı münasibətilə təbrik edirəm”. (publika)







Xəbər news