27 oktyabr 2024. Bazar günü

“Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsi ELAN EDİLİR


“Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsi ELAN EDİLİR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2021-ci il aprel ayının 20-dən may ayının 31-dək “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsi keçirilir.

Müsabiqədə 14-29 yaşlı gənclər iştirak edə bilər. İlkin mərhələdə müsabiqə iştirakçıları qeydiyyatdan keçərək 2021-ci il aprel ayının 20-dən may ayının 20-dək mövzuya və əsas şərtlərə uyğun yazdıqları esseləri təqdim edə bilərlər.

Təqdim edilən esselərin seçimi may ayının 21-dən 30-dək Münsiflər Heyəti tərəfindən aparılacaq, nəticədə, qalib və fərqlənənlər müəyyənləşəcək. Qeyd edək ki, yekun mərhələdə 10 iştirakçının seçimi nəzərdə tutulur.

I, II və III yerlərin qalibi adına layiq görülənlər Gənclər və İdman Nazirliyi tərəfindən diplom və pul mükafatları, digər 7 iştirakçı isə fəxri fərmanlarla mükafatlandırılacaq. Mükafatlandırma 2021-ci il may ayının 31-də keçiriləcək.

Layihə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamının və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.10-cu (Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda əyani vəsaitlərin hazırlanması) yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Qeydiyyat üçün:
Ad, soyad, ata adı
Yaşınız
Yaşadığınız rayon (şəhər)
Təhsiliniz və ya iş yeriniz
Yazdığınız essenin elektron variantı

Əsas şərtlər:
Hər bir iştirakçı yalnız 1 (bir) esse təqdim edə bilər. Ümumi həcmi 1 və ya 2 səhifədən (2 səhifədən çox olmamaq şərti ilə) ibarət elektron formatda (Format-A4, Arial, şrift12) yazılmış esselərdə Nizami Gəncəvi yaradıcılığında milli dəyərlər və vətənpərvərliklə bağlı əks etdirilən fikirlər əhatə edilməlidir. Müəllif tərəfindən yazılmış esselərin elektron formatda [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Təşkilat Komitəsi
Əlaqə telefonu: 012-465-84-16







Xəbər news