27 oktyabr 2024. Bazar günü

Allah şahiddir, elə edirdilər ki, sanki Nepala ulduz futbolçu gəlib


Allah şahiddir, elə edirdilər ki, sanki Nepala ulduz futbolçu gəlib

"Məni təmtəraqla qarşıladılar. Açığı, bunu gözləmirdim. Allah şahiddir, elə edirdilər ki, sanki Nepala ulduz futbolçu gəlib. İnsanlar bu haqda danışır, telekanallarda azərbaycanlı hücumçu Nurlan Novruzovun gəldiyini xəbər verirdilər.

Corner.az xəbər verir ki, bu sözləri Nepalın “Maçxindira” klubuna keçən azərbaycanlı hücumçu Nurlan Novruzov deyib.

  • Nurlan, Azərbaycan, Türkiyə, Moldova, Estoniya, indi də Nepal. “Maçxindira” klubuna keçidin necə baş tutdu, hardan tapdın nepallıları?
  • Estoniyada oynayan zaman bizim komandaya futbolçu gətirən koreyalı menecer var idi. Daha sonra karantinlə bağlı məhdudiyyətlərə görə ölkəni tərk edə bilməyib, Estoniyada qaldılar. Bu koreyalı menecer bizim oyunlarımızı və məşqlərimizi izləyirdi. İki oyun keçirdikdən sonra mənə yaxınlaşdı və sual verdi ki, menecerin var? “Yoxdur” dedim və mənim nömrəmi götürdü. “Vatsapp”la tez-tez əlaqə saxlayırdı mənimlə. Bakıya gələndə mənə deyirdi ki, səni Asiyaya aparım? Hər dəfə “yaxşı” deyirdim, ancaq getmək fikrim yox idi. Burda 4 ay klubsuz qaldım. Mənə yazdı ki, komanda var, gəl oyna, xoşuna gəlməsə, geri qayıdarsan. Elə oldu ki, şərtlərimiz üst-üstə düşdü və uzaq olsa da, getməyə qərar verdim.
  • Sənə Azərbaycandan təklif olsa da, burda qalmağı deyil, Nepala getməyi seçdin. Hansı hədəf uğruna uzaq bir ölkəyə getməyi üstün tutdun?
  • Dedim ki, gedib özümü yaxşı tərəfdən göstərim. Və artıq gəlmişəm, burdayam.
  • Müqavilə şərtlərin necədir? Yəqin qane etməsəydi, Bakıdan Nepala getməzdin…
  • Burda ümumi bir ay 15 gün olacam. Oteldə qalıram və hər şey pulsuzdur. Yəni elə də xərcim çıxmayacaq. Mənə ümumilikdə 3 min dollar və əlavə bonus verəcəklər. Bura gəlməyimə əsas səbəb oynamaq istəyimdir. Sağ olsunlar, gedib-gəlmək biletimi də alıblar.
  • Nepalda səni necə qarşıladılar?
  • Məni təmtəraqla qarşıladılar. Açığı, bunu gözləmirdim. Allah şahiddir, elə edirdilər ki, sanki Nepala ulduz futbolçu gəlib. İnsanlar bu haqda danışır, telekanallarda azərbaycanlı hücumçu Nurlan Novruzovun gəldiyini xəbər verirdilər. Düzdür, istər-istəməz adam bir az utanır. Çalışacam, əlimdən gələni edim ki, mənə ümid edən bu qədər insanın güvənini boşa çıxarmayım. İnsanların necə qarşıladıqlarını gördüm, bunun fərqindəyəm. Xarakterimə güvənirəm və inşallah, hər şey istədiyim kimi olacaq.
  • Səncə, azərbaycanlı futbolçunun Nepal klubuna keçidini onların futbolu üçün ulduz transfer saymaq olar?
  • Bilmirəm, çempionatları haqda da çox məlumatım yoxdur. Bu gün ilk məşqimi keçirdim. Görünür ki, elə də zəif deyillər. İlk oyun aprelin 24-də olacaq. Bir neçə oyundan sonra daha dəqiq nəsə deyə bilərəm.
  • Hesab edək ki, özünü yaxşı tərəfdən göstərdin. Nepaldan hara yolun açılacaq?
  • Burdan Asiya ölkələrinə getmək üçün variant çoxdur. Asiyalı menecerlər oyunları izləyirlər. Artıq dördüncü ilimdir ki, ölkə xaricində oynayıram. Türkiyə, Moldova, Estoniya, indi də Nepal. Artıq burda da tanışlarım olacaq. Ölkə xaricinə yollanmağın üstünlükləri var. Başqa ölkələrdə başqa insanları tanıyır, onlarla ünsiyyətdə olursan.
  • Nepalda Azərbaycanı tanıyırlar?
  • Bəli, bizim ölkə haqda məlumatları var. Hətta bizim klubun prezidenti Avropa Liqasının Bakıda keçirilən final matçını (“Arsenal” – “Çelsi”) stadiondan izləyib. Bakı haqda fikirləri gözəldir və bu da məni sevindirir.
  • Hazırda Nepalda harda qalırsan? Oranın şəraiti necədir?
  • Oteldə qalıram, şərait yaxşıdır. Hələ şəhəri gəzmək qismət olmayıb amma. Buraları gəzmək çox maraqlı gəlir. Deyirlər ki, hündür yerləri, gözəl mənzərələri var. Oteldə yediklərimin hesabını klub rəhbərliyi ödəyir.
  • Komanda yoldaşlarınla necə ünsiyyət qurursan?
  • Mənim ünsiyyət baxımından heç vaxt problemim olmayıb. Açığı, burda da olacağını düşünmürəm.
  • Nepalda koronavirusla bağlı vəziyyət necədir?
  • Burda da virus var. Lakin küçədə insanların çoxu maska taxmır.
  • İlk məşq günün necə keçdi?
  • Səhər fitnessdə 30-40 dəqiqə işlədik, amma axşam komandayla məşqə çıxmadım. Fiziki məşqçimizlə bir saat çalışdım. İnşallah, sabah komanda ilə məşq edəcəm. Burda mənə fərqli davranırlar, adama çox qəribə gəlir.
  • Fərqli davranıb nə edirlər?
  • Adicə, yeməyə düşəndə məni xidmətçi restorana qədər aparır, gözləyir, yenidən mənimlə geri qayıdır. Birinci düşündüm ki, yəqin tanımaram deyə edir. Səhər fitnessə gedəndə məşqçi ilə həkim gəldi və soruşdu ki, ağrımırsan? Dedim hər şey qaydasındadır. Hara gedirəm, başımın üstündən ayrılmırlar. Bir az işləyəndən sonra məşqçi gəlir, deyir ki, istəyirsən get dincəl. Sonra məşqçi gəlir yanıma, “bilirik, yorğunsan, lakin fərdi olaraq çalış, qarşıda vacib oyunlarımız var” deyir. Klubun prezidenti iki gündür otelə gəlir, yeməklərimlə maraqlanır, bir sözlə, qayğıma qalır.
  • Belə rəftarı gözləyirdin? Bunlar səni sıxmır?
  • Bunlar adama xoş gəlir, amma yenə də utanıram. Baxma da, adama bu qədər hörmət edirlər. Gözləyirəm ki, çempionat oyunları başlasın və mən də əlimdən gələni edim. Mənim üçün bu qədər əziyyət çəkirlər, ümidləri böyükdür. Bunu başa düşürəm və əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.(komanda)






Xəbər news