Uels milli komandasının və "Real Madrid" klubunun futbolçusu Qaret Beylin Emma Ris-Consla toy mərasimi İspaniyada Balear adalar qrupuna daxil olan Taqomaqoda keçiriləcək.
Corner.az-ın "Report"a istinadən verdiyi məlumata görə, cütlük təntənəli mərasimi İtaliyanın Toskana əyalətində təşkil etmək planlarından daşınıb. Toya 150-dək qonaq gələcək və onları əvvəlcədən nəzərdə tutulmayan təhlükəsizlik xidmətinin silahlı əməkdaşları qoruyacaqlar.
Belə dəyişiklik Emmanın əvvəllər qanunla bağlı problemi olan atası ətrafındakı situasiya ilə əlaqədardır. 53 yaşlı Martin Ris-Cons fırıldaqçılıq ittihamı ilə 6 ilədək həbsdə olub. Mənbə bildirir ki, gəlin atasını toyda görmək istəmədiyindən, ciddi təhlükəsizlik tədbirləri təşkil etməsini Beyldən xahiş edib.
Şəxsi ada sayılan Taqomaqo İbitsanın şərq hissəsində yerləşir, 1525 metr uzunluğa və 113 metr enə malikdir. Qonaqlar mərasimlə qayıqlarla gələcəklər. Adanın bir həftəlik icarəsi cütlüyə 130 min funt sterlinqə başa gələcək. Onlar toya 3 övladları dünyaya gələndən sonra qərar veriblər.
Qeyd edək ki, Taqomaqo adası cütlük üçün emosional planda xüsusi yer tutur. Çünki Qaret Beyl 2016-cı ildə məhz burada Emma Ris-Consa evlilik təklif edib. Bu mövsüm Beyl "Real Madrid"in heyətində 19 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Uels yığması 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. E qrupunda yer alan komandalar sentyabrın 6-da Kardiff şəhərində, noyabrın 16-da Bakıda üz-üzə gələcəklər.