28 noyabr 2024. Cümə axşamı

Asif Bağırov CBC Sport və İdman TV'ni qınadı: ... öz vəzifələrindən qorxdular


Asif Bağırov CBC Sport və İdman TV'ni qınadı: ... öz vəzifələrindən qorxdular
İctimai Televiziyada yayımlanacaq AVRO-2020-in oyunlarının şərhçiləri arasında Asif Bağırov da var. 2000-ci illərin əvvəlində ANS TV-nin efirində Çempionlar Liqası şərhləri ilə azarkeşlərin rəğbətini qazanan məşhur şərhçi bu yay yenidən idmansevərlərin könlünü fəth edəcək. 

Corner.az xəbər verir ki, illər sonra yenidən "meydanlara" qayıdan Asif Bağırov həm hisslərini, həm də sevimli peşəsindən uzaq qalma səbəbini danışıb. 

- Əslində təklif gözləyirdim. Yayıncı kanalın "CBC Sport" və "İdman TV" yox, "İctimai TV" olduğunu öyrənəndən sonra dəvət alacağıma ümid yaranmışdı. Və ümid də gerçəkləşdi. 3 gün əvvəl danışıqlar oldu və razılaşdıq. Əsas bir məqamda anlaşdıq ki, bu xəbər birinci elə "İctimai TV"nin efirində səslənsin. Ona görə, iki gün informasiyanı gizli saxladıq. Və dünən axşam 19:00-da yayımlanan "Sabaha saxlamayaq" verilişində xəbəri açıqladıq. 

- Bəs başqa kanallardan dəvət almısınız?
- Azərbaycanda iki idman kanalı var. Bu vaxta qədər dəvət etsəydilər, edərdilər. 

- Demək ki, bu kanallardan dəvət gəlsəydi, siz çoxdan şərhçiliyə qayıdardınız...
- Dəfərlərlə sual veriblər ki, niyə şərhçiliyə qayıtmırsan?! Mən də cavabımda hər dəfə belə bir lətifə danışıram ki, üzr istəyirəm, "evdə qalmış" qızdan soruşurlar niyə ərə getmirsən? O da cavab verir ki, "alan oldu, mən getmədim?!" Yəni dəvət etsinlər, oturub şərtləri müzakirə edək. Niyə də yox?! Mən həmişə şərtləri müzakirə etməyə açığam. 

- Futbol azarkeşləri tərəfindən sevilən şərhçilərdən biri olmusunuz. ANS TV-də Doktor Ziya və İlqar Mikayıloğlu ilə duetləriniz hələ də yaddaşlardadır. Hətta AVRO-2020-də sizin şərhçi olacağınız sosial mediada gündəm oldu. Qısası, futbol azarkeşləri tərəfindən sevilən birisiniz. Necə düşünürsünüz, tamaşaçı tərəfindən bu qədər sevilən, tanınan birini niyə kanallar dəvət etməyib?
- Açıq danışacağam. Əvvəlcə "İdman TV"dən başlayım. TV-nin rəhbəri Rövşən Binnətli məni çox gözəl tanıyır. AZTV-nin rəhbəri Rövşən Məmmədov da tanımamış olmaz. Mənim yaradıcılıq dövrüm onların gözünün önündə olub. Hətta bir dəfə Rövşən Məmmədova xəbər göndərmişdim ki, gələ bilərəm. Amma sıfır reaksiya. Bu, AZTV və "İdman TV"nin mövqeyi olub. Təxminən iki ilin söhbətidir. Amma həmin vaxt Rövşən Binnətli hələ "İdman TV"yə gəlməmişdi. 

İkinci tərəf isə "CBC Sport"dur. Bu kanalın rəhbəri türkdür - Volkan Üst. O, məni tanımaya bilər. Amma məni ona tanıdacaq adamlar olmalıdır. Əgər o adamlar bunu etmirsə, özümü tərifləmək kimi çıxmasın, ya həmin şəxslər kanalın reytinqinin qalxmasını istəmir, ya da özləri ilə bağlıdır. 

- Özlərinə rəqib olaraq görürlər? 
- Görürsünüz, hər şeyi artıq siz özünüz də başa düşürsüz. Bəlkə öz vəzifələrindən qorxurlar. Bu barədə söhbətim də olub. Təklif etmişəm, deyiblər rəhbərliklə görüşdürərəm sizi. Mən 4 ildir o görüşü gözləyirəm və hələ də baş tutmayıb. Halbuki, həmin söhbət zamanı demişdim ki, mən ora ancaq şərh üçün gələrəm. Səhər saat 9-da gəlib axşam 6-dan sonra getməyə nə vaxtım, nə əhval-ruhiyyəm var, nə də kiminsə yerinə göz dikmək kimi bir niyyətim yoxdur. Və yaxud da, hansısa vəzifəyə görə almaq istədiyim pul yoxdur. Sözsüz ki, mənim ora gedib oyunları şərh etməyim müqabilində istəyəcəyim bir məbləğ var, amma bu o demək deyil ki, bunun üçün əldən-ayaqdan gedəcəm. Yox! Hər bir şeyin ölkə reallığı səviyyəsində qiyməti var. Necə ki, mən "İctimai TV" ilə razılığa gəldim. Onların düşündüyü kimi mənim hər hansısa işə getməyə, hansısa vəzifəyə ehtiyacım yoxdur. Ordan alacağım pulu bir həftəyə qazana bilirdim. Sadəcə sırf oyunların şərhini istəyirdim. Özü də həmin vaxt elə dövr idi ki, "CBC Sport"da şərhçilər üçün vakansiya var idi, kim istəyir gəlsin. İstəmədilər! İstəmədilər, buyursunlar, özləri bilər. 

- Bir müddət oyunlardan uzaq qalanda şərhçilər formadan düşməkdən şikayət edirlər. Siz də çoxdandır şərh etmirsiz. 
- Yaxşı ki, dünən İctimai TV"də efir oldu. Ruslar demiş "boyevoye kreşeniye"ni keçdim. 1 saatdan çox efir oldu və canlı efir atmosferini hiss edim. İlqarın (Mikayıloğlu) sözü olmasın, ilk 10-15 dəqiqədən sonra həyəcan arxada qalacaq. 

- Son olaraq AVRO-2020 ilə bağlı fikirləriniz. Hansı komandaya azarkeşlik edirsiniz, favorit olaraq kimləri görürsünüz?
- 2020-ci ilin payızından sonra baş verən hadisələr səbəbindən istərdim ki, Türkiyə seçməsi maksimum irəli getsin. Sözsüz ki, ürəyimiz onlarladır. Azarkeşlik edəcəyim komandalar isə Almaniya və İspaniyadır. Bəlkə də bu, "Barselona" sevgimdən irəli gəlir. Almaniya da həmişə gözümün önündə maşın kimi olub. Əsas favoritlər də elə Almaniyanın yer aldığı F qrupundadır - Almaniya, Fransa, Portuqaliya. Onlar qrupdan çıxsalar, çempionatın çox maraqlı 1/8 final mərhələsi və davamı olacaq. Məncə, bu 3 komanda favoritdir və sözsüz ki, orada İtaliya da var, İngiltərə də. Amma yenə də deyirəm, ürəyimdə Türkiyədir. Azarkeşlik edəcəyim isə Almaniya və İspaniyadır.(fanat)






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir