Polşa Super Kuboku uğrunda oyun keçirilib.
Cornee.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Legiya” ilə ölkə kubokunu qazanmış “Rakuv”la qarşılaşıb.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi “Legiya” matça istədiyi kimi başlaya bilməyib. Varşava təmsilçisi ilk hissənin əvvəlində buraxdığı erkən qolla məğlub duruma düşüb. Fasiləyə qədər hesabda dəyişiklik olmayıb. Start heyətdə yer almayan Mahir 58-ci dəqiqədə meydana çıxıb. Məhz Emrelinin 90+3-cü dəqiqədə vurduğu qolla “Legiya” məğlubiyyətdən xilas olub.
Polşa Super Kubokunda əlavə vaxt olmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Rakuv” 4:3 hesabıyla qələbə qazanaraq Super Kuboku qazanıb.
“Legiya”nın heyətində penaltini dəqiq yetirə bilməyənlərdən biri Bartoş Kapustka, digəri isə Mahir olub. Kapustkanın zərbəsini qapıçı dəf edibsə, Emrelinin zərbəsi isə sol dirəyə tuş gəlib.