- Xəbər news
- 22:34 14.11.2024
"Kamran Quliyev alınan futbolçunun keyfiyyətinə cavabdeh deyil. Heç vaxt da olmayacaq. Çünki rəhbərlik vəsait ayırır. Ötən il bizim keçmiş baş məşqçimiz və idman direktorumuza müəyyən vəsait ayrılıb. Onun üstündə işlədik, heyəti qurduq və çempion olduq".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev klubun rəsmi televiziyasına müsahibəsində deyib.
43 yaşlı funksioner bəzi transferlərin gecikməsinin müxtəlif səbəbləri olduğunu bildirib: "Bunun səbəbkarı konkret hansısa şəxs deyil. Bəyəndiyimiz oyunçunun komandaya transferi baş tutmayıbsa, deməli, özü istəməyib. Bəzilərinin vizası və biletləri hazır olub, amma son anda nələrsə baş verib. Mən və ya müavinim futbolçu keyfiyyətinə rəy bildirə bilmərik. Çünki onun da öz mütəxəssisi var. Seleksiyaçı, məşqçilər korpusu və ya baş məşqçi rəy bildirə bilər. Sonda baş məşqçi hansısa oyunçuda dayana bilər".
Klub rəsmisi komanda transfer etmək futbolçuların maliyyə tələbləri haqqında məlumatları əvvəlcədən aldıqlarını vurğulayıb: "Çünki heç kim bu gün bizə bir həftə əvvəl boşda qalan Lionel Messini təklif edə bilməz. Hamı bilir ki, tələblər fərqlidir. Dünyada müxtəlif agentlər və menecerlər tələblərimizə cavab verən oyunçuları təklif edir. Məşqçilər korpusu bizə məlumat verəndən sonra danışıqlara keçirik. Təxminən bilirik ki, futbolçu nələr istəyir".
Quliyev, futbolçunu məşqçiyə bəyəndirməyin rəhbərliyin işi olmadığı sözlərini də əlavə edib: "Futbolçu öz oyunu ilə bəyənilməlidir. Kamran Quliyev yalnız imza ata bilər. Mən bildiyim qədər bütün klublar belə işləyir. Ən böyük problem futbolçuların özündədir. Biz müəyyən büdcə ayırmışıq. Əgər həmin məbləğ 3-4 nəfər üçün nəzərdə tutulubsa, deməli, 3 və ya 4 nəfər gətirməlisən. Həmin məbləğ isə tamamilə yetərlidir. Sənin bəyəndiyin futbolçu 5 nəfərin məbləğindədirsə, heyəti formalaşdırmaq çətin olacaq. Oyunçu var ki, real bazar qiyməti 200-300 mindir. Azərbaycana çatanda isə 800 min istəyir. Bunu tək mən demirəm. Azərbaycan çempionatında o pullar yoxdur".