- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində ilk xalını qazandı. Üç oyundakı məğlubiyyətdən sonra İrlandiya millisi ilə səfərdə keçirilən qarşılaşmada 1:1 hesabı qeydə alındı ki, bu da Azərbaycan yığmasının seçmə mərhələdəki ilk xalı oldu. Əzabla, əziyyətlə qazanılan, azərbaycanlı azarkeşləri oyunu TV-dən izləyərkən əlləriylə gah ürəklərini, gah başlarını tutmağa məcbur edən ilk xal. İrlandiya ilə matçdan cəmi üç gün əvvəl isə futbola könül verən azərbaycanlıların hisslərini təhqir edən bir hadisə yaşanmışdı – Azərbaycan yığması Lüksemburq millisinə 1:2 hesabı ilə uduzmuşdu.
Lüksemburqda nə baş vermişdi?
Hər şeydən əvvəl ona aydınlıq gətirək ki, Azərbaycan millisinin Lüksemburqdakı məğlubiyyəti niyə bu qədər ajiotaja, hiddətə səbəb oldu?
Yaxın illərə kimi Lüksemburq millisi Avropanın ən zəiflərindən sayılırdı. Yəni hardan baxırsan bax, bu ölkənin yığma komandası Xorvatiya, Çexiya, ya da dünən azərbaycanlı futbolçuların güc-bəla ilə bir xal qopardığı İrlandiya millisi deyil. Hə, son illərdə Lüksemburqda futbol Azərbaycanda olduğundan daha sürətlə inkişaf edir, futbolçuları Avropa klublarına üz tutur, bunlar gözardı edilməyəcək faktlardır. Amma görünür, azərbaycanlı futbolsevərlər bunları görmürlər, ya da görmək istəmirlər.
Azərbaycanlıları Lüksemburq millisinə məğlubiyyət qədər, yığma komandanın italiyalı baş məşqçisi Canni De Byazinin oyun üçün start heyəti də qəzəbləndirmişdi. Doğrudan da, axı necə olur ki, De Byazi Polşanın “Legiya” klubu ilə yeni mövsümə əla start verən, komandasına avrokuboklarda qələbələr qazandıran Mahir Emrelini ehtiyatda saxlayır? Nə baş verir ki, Mahir kimi Polşada – “Visla” klubunda çıxış edən, azsaylı legionerlərdən olan Anton Krivotsyuk start heyətində yer almır? Bəs ötən mövsümdə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan, təzəlikcə Türkiyənin “Bursaspor” klubuna keçən Namik Ələskərovun ehtiyatda qalmasına hansı izahı vermək olar? Bu futbolçuların əvəzinə bir müddət əvvəl elə ilk mərhələdəcə Konfrans Liqasından qovulan “Sumqayıt”ın, “Keşlə”nin oyunçularına şans vermək heç bir ağıla, məntiqə sığmır! İranlı futbolçuların – Əli Qurbani və Höccət Haqverdinin Azərbaycan millisində nə işi var? Hansı futbolçu keyfiyyətlərinə, uğurlarına görə Canni De Byazi Azərbaycan milli komandasının qapısını onların üzünə taybatay açır? Stop! Həngamə də elə buna görə qopub. Azərbaycanlı azarkeşlər, futbol adamları, xüsusən də, idman mediasında “külüng çalanlar” De Byazinin milli komandanın start heyətini sifarişlə qurduğunu düşünürlər. Məsələn, idman yazarı Kənan Məstəliyev Lüksemburqla oyundan sonra sosial şəbəkə hesabında bunları yazıb:
“Allaha da and içə bilərəm ki, start heyətini Elxan Məmmədov qurmuşdu”.
Başqa bir idman yazarı Vüsal Mahmudov da iddia edir ki, Azərbaycan millisinin start heyətindəki futbolçular baş məşqçinin öz iradəsi ilə yox, AFFA-nın baş katibi Elxan Məmmədov və “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyevin tapşırığına əsasən seçilir. Mahmudov bununla bağlı sosial şəbəkə hesabında bu paylaşımı edib:
“Canni De Byazi bugünədək yığmada xaricdə oynayan futbolçularımızın olmamasından gileylənirdi. İndi isə pis-yaxşı 5-6 legionerimiz var. Amma…
…amma onlardan heç biri start heyətdə deyildi. Nə “Legiya”nın lideri Mahir, nə Anton, nə Ukraynada oynayan Nuriyev, nə də başqaları. Niyə? Çünki onların heç birinin transferində Riad Rəfiyevin rolu olmayıb. Və “Sumqayıt”ın menecer-prezidentinin, onu milliyə gətirib 300 min “komision haqqı” aldığı Rəfiyevin tapşırıqları De Byazi üçün hər şeydən önəmlidir. İtaliyalı bilir ki, onun taleyini nəticələr yox, Elşad Nəsirovla Elxan Məmmədovun başçılıq etdiyi, Rəfiyevin icraçı olduğu “mütəşəkkil dəstə” həll edir.
De Byazi buna görə meydana Rəfiyevin farslarını – Höccət Haqverdi və Əli Qurbanini, milliləşdirilərək qazanc mənbəyinə çevrilən xorvat Filip Ozobiçi, autsayder olmasına baxmayaraq, AFFA xəttini təmsil edən “Keşlə”dən Azər Salahlını buraxır. İkinci hissədə meydana legionerlər çıxır və onlar məşqçi tapşırığı olmadan, öz bacarıqları hesabına oyunu dəyişirlər. Bununla belə, “cırtdan”a məğlubiyyət qaçılmaz olur”.
Bütün bunlar kifayət qədər ciddi ittihamlar, iddialardır. Amma təəssüf ki, AFFA rəhbərliyi həmişə olduğu kimi susur. Məğlubiyyət olunca qaçıb gizlənmək bizim AFFA-nın köhnə taktikasıdır.
“Ciao”, De Byazi
Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində dörd oyun keçirib və hesabında cəmi bir xal var. Bu isə o deməkdir ki, milli komandalar səviyyəsində daha bir turnirin final mərhələsi bizim üçün şirin yuxu olaraq qalacaq. Və görünən budur ki, AFFA rəhbərliyinin İtaliyadan “bəh-bəh”lə gətirdiyi Canni De Byazi də Azərbaycan yığmasının dərdinə dərman olacaq qüdrətdə, kəramətdə deyil. Axı məsələ heç baş məşçqi də deyil, əslində, heç vaxt da olmayıb. Məsələ baş məşqçiləri əlcək kimi dəyişən AFFA-nın özünün dəyişməməsidir. Uğursuzluqlara görə baş məşqçilər dəyişir, nəticələr yenə dəyişmir, amma Rövnəq Abdullayev AFFA prezidenti, Elxan Məmmədov vitse-prezident, baş katib olmağa davam edir. Dəyişmək bir yana, adamların üzlərində bir əza, başlarında bir tük də tərpənmir. Ağır daş kimi düşüblər (ya da atılıblar) Azərbaycan futbolunun başına.
DÇ-2022-nin seçmə mərhələ oyunları hələ davam edəcək. Milli komanda qarşıdakı oyunlarda xal və ya xallar qazana bilməsə, çox güman, bu dəfə də qurban olaraq baş məşqçi – Canni De Byazi seçiləcək. Həmişə olduğu kimi. Nə demək olar? Heç nə. Sonra birdən deməyə fürsət olmaz, indidən deyək, “ciao”, De Byazi (əlvida, De Byazi). (Meydan.TV)