- Xəbər news
- 22:34 14.11.2024
Fransa millisinin sabiq üzvü Samir Nəsri karyerasını bitirməsi ilə bağlı açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı keçmiş yarımmüdafiəçi, belə qərar verməsiylə bağlı bunları söyləyib:
“2018-ci ildə yaşanan hadisələr mənə təsir etdi. Futboldan diskvalifikasiya olunmuşdum. Çox haqsız qərar idi. Dopinq qəbul etməmişəm. Xəstə olduğum zaman mənə vurulan bir vitaminin təsiri idi.
Ancaq hər şey düşündüyüm kimi getmədi. Artıq fasilə vermişdim. Davam etmək istəmədim və mənə heç uyğun təklif də gəlmirdi”.
Samir Nəsrinin son klubu Belçika “Anderlext”i olub. O, əvvəllər Fransanın “Marsel”, İngiltərənin “Arsenal”, “Mançester Siti” və “Vest Hem”, İspaniyanın “Sevilya”, Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib.
Nəsrinin qanında dopinq aşkarlanıb. O, 2018-ci ildə antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub. Keçmiş futbolçu 2018-2019-cu illərdə futboldan kənarda qalıb, 2019-cu ilin yanvarında isə “Vest Hem”lə müqavilə imzalayıb.