28 noyabr 2024. Cümə axşamı

AFFA-nın məhkəməyə verdiyi vəkil: Döyüşü qəbul edirəm


AFFA-nın məhkəməyə verdiyi vəkil: Döyüşü qəbul edirəm

AFFA-nın vəkil Aslan İsmayılovu məhkəməyə verdiyi barədə xəbər vermişdik.

Corner.az xəbər verir ki, tanınmış vəkil “facebook” səhifəsində də bu barədə paylaşım edərək, məlumatı təsdiqləyib.

Aslan İsmayılov AFFA ilə məhkəmə çəkişməsinə hazır olduğunu bildirib:

“AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov rəsmi qaydada məni məhkəməyə verib.

Elxan Məmmədov 27 sentyabr 2021-ci il tarixdə “AFFA-da yeyintilər var” deyib guya onlara böhtan atdığıma görə məni məhkəməyə verib cəzalandırılmağımı tələb edir. Sən demə, Ermənistanın 89-cu, Mozambikin 116-cı olduğu FIFA reytinqində Azərbaycanı 117-ci pilləyə salan qurumun işgüzar nüfuzuna xələl gətirmişəm.

Elxan Məmmədovu “şur götürüb”, yaxud Leninin yazısında olan kimi futboldakı “uğurlarından baş gicəllənməsi baş verib” deyə bilmirəm. Onu bilirəm ki, bu insan ünvanı, zamanı və məkanı tam dəyişik salıb. Belə olmasa, Azərbaycan futbolunun bugünkü rəzil durumunda, başçılıq etdiyi qurumlarda baş verənləri bütün ölkənin bildiyi vaxtı, 1 milyon aktiv futbol azarkeşinin bunun fəaliyyətindən narazı olduğu zamanda sakitcə oturub gözə görünməməyə, dilə düşməməyə çalışardı. Amma bir “əmma” da var. 27 yaşında, futboldan xəbəri olmayan birisini o cür məsuliyyətli bir vəzifəyə təyin edəndə, əlbəttə, beləsi özünü əlahiddə, toxunulmaz bir şəxs hesab edəcək!

Açığı, ilin-günün bu vaxtında belələrinə baş qoşmaq istəməzdim. Ancaq indi məcburam və döyüşü qəbul edirəm. Onsuz da ömrüm mübarizələrdə keçib, Ramiz Mehdiyev – Əli Həsənov cütlüyü üç dəfə məhkum etdirib, yeganə peşəm olan vəkilliyimi belə əlimdən alıblar. Yaşım 63-ü kiçib. 64 yaşımda 4-cü məhkumluğu yaşamağa da hazıram.

Bircə halı diqqətinizə çatdırım ki, əgər yalan yazmışdımsa, nə üçün yazım dərc olunandan 3 saat sonra AFFA-nın tabeliyində olan qurum TƏCİLİ “Paşa Bank”a müraciət edib borclu olduğu fəhlə haqqının TƏCİLİ köçürülməsini xahiş etdi. Bu günə qədər gözə görünməyən Elxan Məmmədov yenə həmin yazıdan sonra necə oldu ki, hər gün gah Tovuzda, gah Lənkəranda kameralar önündə top qovalamağa başladı.

Futbolsevərlərdən isə xahişim odur ki, bu müddət ərzində bu çəkişməni diqqətdə saxlasınlar. Çünki bu çəkişmə tək AFFA – Aslan İsmayılov çəkişməsi deyil. Mənim timsalımda AFFA bütün futbolsevərlərin səsini kəsməyə çalışır. Bu yazını paylaşın, futbolsevər dostlarınıza yollayın, şərhlərdə onları qeyd edin. Elə bu yazının altında AFFA-da korrupsiyanın olub-olmaması barədə fikirlərinizi bölüşün. Axı, Xalqın gözü tərəzidir!

P.S. İlk məhkəmə iclası 11 oktyabr saat 14.30-da Səbail rayon məhkəməsində keçiriləcək. Bütün futbolsevərləri AFFA – Aslan İsmayılov çəkişməsinə dəvət edirəm. Əvvəlcədən koronavirus pandemiyasına görə hər birinizi sosial məsafə saxlamağa səsləyirəm”.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir