- Xəbər news
- 22:34 14.11.2024
Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində İrlandiya yığmasını qəbul edəcək.
Tanınmış idman jurnalisti Rasim Mövsümzadə yığmamızın rəqibi ilə bağlı maraqlı faktları bölüşüb.
"Azərbaycan və İrlandiyanın əsas milli komandaları DÇ-2022-nin seçmə mərhələsindən əvvəl qarşılaşmayıblar.
Hazırda A qrupunda yarışan rəqiblərin bu il sentyabrın 4-də Dublində “Aviva Stadium”da keçirilən ilk görüşü heç-heçə bitib – 1:1.
Azərbaycan və İrlandiya təmsilçiləri avrokuboklarda da cəmi bir dəfə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparıblar. 2019-cu ildə Çempionlar Liqasının 2-ci seçmə mərhələsi çərçivəsində səfərdə “Dundalk” ilə heç-heçə edən (1:1) “Qarabağ” Bakıda cavab qarşılaşmasında rəqibinə böyük hesabla qalib gəlib - 3:0.
*
İrlandiya millisi keçirdiyi son 17 oyunda cəmi 1 qələbə qazanıb (yoldaşlıq görüşündə Andorraya 4:1).
Bu komanda 2020-ci ilin sentyabr-noyabr aylarında, ümumiyyətlə, ardıcıl 7 qarşılaşmada qol vura bilməyərək şəxsi anti-rekorduna imza atıb.
*
Tanınmış azərbaycanlı hakim Əliyar Ağayev 2018-ci ilin noyabrında Danimarka – İrlandiya qarşılaşmasını idarə edib. UEFA Millətlər Liqası çərçivəsində keçirilən həmin oyun qolsuz bərabərliklə başa çatıb – 0:0.
*
İrlandiyalı müdafiəçi Joe Kendrick Azərbaycan çempionatında çıxış edib. O, 2009-cu ilin ilk yarısında 15 oyunda “Neftçi”nin formasını geyinib.
*
İngilis Jack Charlton İrlandiya millisinin ən uğurlu baş məşqçisi olub. 1986-1996-cı illərdə onun rəhbərliyilə 93 oyun keçirən irlandlar 1988-ci ildə ilk dəfə böyük turnirə - Avropa çempionatına, 1990 və 1994-cü illərdəsə dünya çempionatına vəsiqə qazanıblar.
*
Yeri gəlmişkən, Jack Charltondan sonra İrlandiya millisinin baş məşqçilərindən ikisi əcnəbi olub: 2008-2013-cü illərdə italiyalı Giovanni Trapattoni, 2013–2018-ci illərdəsə şimali irlandiyalı Martin O'Neill.
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı görüş bu axşam 20:00-da start götürəcək.(fanat.az)